Kateqoriyasız

“Qarabağ” bu mövsüm möhtəşəmdi” – Samir Abasov

“Futbolçularımı təbrik edirəm. “Neftçi” üçün önəmli gün idi. Bunun üçün qələbə qazanmaq istəyirdik. “Neftçi” sevərləri təbrik edirəm. Yubileydə bu cür hesabla qalib gəlmək xoş idi. Futbolçularım bəzi məqamlarını çıxmaq şərtilə hər şey yaxşı, düz etdilər. Bunun nəticəsidir ki, qalib gəldik. Rəqibi də təbrik edirəm. Hesaba baxmayaraq, yaxşı oyun göstərdilər, bizə çətinliklər törətdilər. Seriyamızı davam edəcəyik. Fasilə var, uşaqlar dincələcək, zədəlilər var, sağalacaqlar. Ondan sonra yolumuzu davam etdirəcəyik. Turlar keçdikcə nə qədər çətinləşir matçlar görürük”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 20-ci turunun “Qəbələ” ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

– Milli komandaya görə yaranacaq fasilə komandaya necə təsir edəcək?
– İndiki məqamda heç kim deyə bilməz, necə olacaq. Yaxşı da ola bilər, əksinə də.  Oyunlar başlayandan sonra görəcəyik hər şeyi. Aşağı yaş qruplarından ibarət yığmalarda da oyunçularımız var. Məşqlərimizə təsir edəcək. Onlar toplanışlardan necə qayıdacaq, o da sualdı.

– Eddi İsrafilov haqda hansı fikirdəsiniz?
– Necə oldu ki, “ölən” Emin Mahmudov millidə ən yaxşıya çevrildi? “Sabir Buqrin kimdi?” deyənlər gördü ki, o, hansı kluba getdi. Mamadu Kane “Olimpiakos” kimi komandaya keçdi. Biz bunun necə olduğunu bilirik və buna görə sevinirik. Yusuf Laval və digər futbolçularımız da artırır. Sırf bir futbolçunun üstündə dayanmaq istəmirəm. Eddi İsrafilov görmək istədiyimin hələ ki, 30 faizini verə bilər.  Amma yaxşı tərəfi də odur ki, öyrənməyə can atır. Suallar verir, danışır. Bəlkə onun nəticəsidir ki, artırır.

– Anton Krivotsyukun “Neftçi”yə keçmək ehtimalı realdı?
– Ortada belə məsələ yoxdu. Anton öz klubunda oynayır, öz karyerasını düşünür. Bugünkü gündə “Neftçi” haqda düşünürmü, onu bilmirəm. Ümumiyyətlə, Anton söhbəti olmayıb. Məlumatım yoxdu, məlumat verə də bilmərəm.

– Sabah “Zirə” “Qarabağ”a qarşı oynayacaq. Bu oyundan hansı nəticəni gözləyirsiniz?
– Hər bir nəticə xeyrimizə olacaq. “Qarabağ”a çatmaq çətindi. Çünki bu mövsüm möhtəşəmdilər. Bəlkə onlar xal itirsə, sadəcə intriqa arta bilər. Amma biz öz oyunlarımızı udmalıyıq. Əsas bu gün idi, yubileyimiz idi, motivasiyalıydıq, qalib gəlmək istəyirdik. Bunu bacardıq.

– Qələbələr futbolçulara motivasiya verə bilər?
– Reallıq tək “Qarabağ”ın bizdən güclü olmasından getmir. Biz hər oyunda rahatlıqla rəqibləri uduruq? Xeyr, belə deyil. Səbəblərini bilirəm, ona görə narahat deyiləm. “Səbail”lə 70-ci dəqiqədən sonra qollar vurduq. “Sumqayıt”a qələbə qolunu 84-cü dəqiqədə qolu vurduq. “Qarabağ” kimi rəqibləri rahatlıqla udmuruq. Onun da öhdəsindən gələcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43