Ölkə futbolu

“Qarabağ”ın düşərgəsində sürpriz: Tahir Gözəl Danimarkaya yollandı – FOTO

“Kopenhagen”lə oyunu nəinki “Qarabağ”, bütün Azərbaycan üçün ən önəmli qarşılaşma adlandırmaq olar”. İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah “Kopenhagen”in qonağı olacaq.

Bu gün “Qarabağ”ın düşərgəsində sürpriz ziyarət baş tutub. Belə ki, vitse-prezident Tahir Gözəl futbolçulara dəstək olmaq üçün Kopenhagenə yollanıb və oyunöncəsi son məşqi stadiondan canlı izləyib.

Klubun saytına danışan Gözəl oyun haqda fikirlərini bölüşüb: “Hamımız qarşılaşmanın nə qədər vacib olduğunun fərqindəyik. “Qarabağ” Azərbaycan futbolunda bir sıra ilklərə imza atıb və həmin nailiyyətlərin zirvəsindəyik. Həmin ilklərə daha birini əlavə etmək istəyirik. Sabah 40 minlik stadion dolu olacaq, bu da “Qarabağ”ın gücünü, nə qədər ciddi rəqib olduğunu göstərir. İnanırıq ki, zəfər bizim yanımızda olacaq. Komandaya dəstək olmaq üçün bura gəlmişəm, futbolçularımız və baş məşqçimizə inanıram”. 

Qeyd edək ki, “Kopenhagen” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43