Yeni mövsümə hazırlaşan “Qarabağ” klubu dünən yoxlama görüşündə həvəskarlar liqasında çıxış edən “Bakı” klubu ilə qarşılaşıb – 9:0.
Matçdan sonra “Qarabağ”ın yeni transferi Abbas Hüseynov idmanxeber.com saytının əməkdaşının da suallarını cavablandırıb.
– “Bakı” klubuna qarşı oynadın. Bu, həm də rəsmi olmasa da, “Qarabağ”da ilk matçın idi. Nə hisslər keçirirsən?
– İstər-istəməz özümdən asılı olmasa da, həyəcan var idi. Amma çalışdım ki, həyəcanımı boğum, çıxıb öz oyunumu oynayım. Qalib gəldik. İnanıram ki, bundan sonra daha yaxşı oynayacağıq. Hər şey yaxşı olacaq.
– Komandada özünü necə hiss edirsən? Kollektivə uyğunlaşa bilirsənmi?
– Burada hələ təzəyəm. Uyğunlaşmaq deyəndə ki, futbolçuların çoxu ilə tanışlığım var idi. Bəziləri “İnter”də oynayanlar idi. Yeni komandadayam. Amma hər kəs bir nəfər kimi can yandırır. Yavaş-yavaş uyğunlaşıram.
– Keçmiş komandanla müqayisədə, “Qarabağ”da heyət daha zəngindir. Hər mövqedə heyətə düşmək üçün bir neçə futbolçu mübarizə aparır. Necə düşünürsən, heyətə düşmək üçün Qurban Qurbanovun etimadını qazana bilərsənmi?
– Bunu mən deyə bilmərəm, məşqçidən asılıdır. Çalışıram ki, məşqlərimi edim, özümü yaxşı tərəfdən göstərə bilim. İnşallah, hər şey yaxşı olar.
– “Qarabağ”ı seçəndə fikirləşirdinmi heyətə düşmək daha çətin olacaq?
– Əlbəttə. Bütün bunları fikirləşmişəm. İstər-istəməz hər bir komandada heyətə düşmək, məşqçinin etimadını doğrultmaq çətin olur, təkcə “Qarabağ”da deyil. Bura gəlmişəmsə, deməli, çəkinməmişəm. Ümid edirəm, hər şey yaxşı olar.