Kateqoriyasız

“Qəbələ” və “Arsenal”ı birləşdirən seriya

“Qarabag”la matç cari mövsümdə_ən yaxsı oyunlarımızdan biri kimi yadda qaldı. Roman Qriqorçukun yetirmələri ardıcıl 2 səfər matçından sonra Qəbələdə liderlə oyunda inamlı təsir bagısladılar. Bu matç həm də maraqlı statistik məqamlar və rekordlarla diqqət çəkdi.

Bir seriya bitdi, o biri davam edir

“Qarabağ”la oyunda komandamızın çempionatda 8 oyunluq qələbə seriyası bitdi. XXIII turda fevralın 19-da “Xəzər Lənkəran”la Qəbələdəki oyunda başlayan seriyada (3:1) sonuncu qələbəni də elə bu rəqiblə XXXI turda aprelin 25-də Lənkərandakı matçda qazanmışıq – 1:0. “Araz Naxçıvan” çempionatda çıxışını dayandırdıqdan sonra komandalar hər dövrədə 8 oyun keçirir. Belədə, “Qəbələ”nin 72 günlük qələbə seriyası 1 dövrə sürdü.

Bir seriyamız qırılsa da, digəri davam edir. Bu, artıq 10 matça çatan məğlubiyyətsiz oyunlar seriyasıdır. Sonuncu dəfə XXII turda, fevralın 15- də evdə “Neftçi”yə uduzan (1:2) komandamız öz rekordunu təkrarlamağa doğru gedir. Bu, 4 il öncə qeydə alınan rekorddur. “Qəbələ”nin Premyer Liqadakı ən uzun məğlubiyyətsiz oyunlar seriyası həmin vaxt qeydə alınıb. 2011-ci ildə “qırmızı-qaralar” 16 matçda heç kimə uduzmayıb.

Cari mövsümün rekordçusu biz olduq

1992-ci ildən keçirilən Azərbaycan milli çempionatları tarixində ən uzun qələbə seriyası “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1997/98 və 1998/99 mövsümlərində ardıcıl 20 matçda meydanı 3 xalla tərk edib. “Qəbələ”nin 8 oyunluq qələbə seriyası isə cari mövsümün rekordudur. Bu rekorda, ən yaxşı, halda “İnter” şərik ola bilər. Bunun üçün hazırda hesabında ardıcıl 5 qələbəsi olan “bankirlər” qalan 3 matçda da qalib gəlməlidir ki, bunu reallaşdırmaq çətin olacaq. Çünki “İnter”i qarşıda “Qəbələ” və “Qarabağ” la oyunlar gözləyir.

Komandamızın qələbə seriyası təkcə Premyer Liqamızda deyil, həm də Avropa çempionatları ilə müqayisədə diqqətiçəkəndir. Belə ki, cari mövsümdə İngiltərə Premyer Liqasında da ən uzun qələbə seriyası məhz 8 oyun olub. Bu rekord London “Arsenal”ına məxsusdur. Arsen Vengerin yetirmələrinin uğurlu çıxışı XXIV turda aprelin 26-da “Çelsi”ylə ev oyununda qolsuz bərabərliklə qırılıb. Cari mövsümdə Avropada mütləq rekordçu isə “Real” olub. Çempionlar Liqasının son qalibi olan Madrid təmsilçisi İspaniya çempionatında ardıcıl 13 oyunda (IV – XVI turlar) qələbə qazanıb.

Qriqorçukla ilk dəfə

Bu, Roman Qriqorçukun “Qəbələ”ylə çempionatda ilk heç-heçəsidir. 50 yaşlı ukraynalı mütəxəssis Topaz Premyer Liqasında 13 matçın 9-da qalib gəlib, 3-də uduzub. “Qırmızı-qaralar”Qriqorçukla ölkə kubokunun 1/4 fi – nalında “Simurq”la Zaqataladakı cavab oyununda bərabərliyə imza atmışdı – 0:0. Komandamız çempionatda axırıncı dəfə ötən ilin son qarşılaşmasında – dekabrın 21-də “İnter”lə ev matçında heç-heçə (1:1) etmişdi. “Qəbələ” ardıcıl 11 çempionat matçında qol vurur ki, bu özünəməxsus rekorddur.

Cavid 7-ci komandaya qol vurur

Bombardirimiz Cavid Hüseynov həm də penaltidən dəqiq yararlanmaq bacarığını nümayiş etdirməkdədir. Hesabına 11-ci qolu yazan millimizin yarımmüdafi əçisi bunun 6-na 11 metrlik cərimə zərbəsindən imza atıb. Ardıcıl 3-cü matçda fərqlənən Hüseynov bu mövsümdə penaltilərdən 100 faiz dəqiqliklə istifadə edən azsaylı futbolçulardandır. Bombardirlər siyahısında 3-cü olan Cavid lider Nurlan Novruzovdan (“Bakı”) 4 qol az vurub.

Vitse-kapitanımız olan Hüseynov “Qarabağ”la oyunda fərqlənməklə, liderin də qapısına yol tapa bilib. O, cari mövsümün iştirakçılarından AZAL – a (3 qol), “Sumqayıt” və “Xəzər Lənkəran” (hər birinə 2), “Qarabağ”, “Neftçi”, “Bakı” və hətta çempionatdan çıxan “Araz Naxçıvan”a (hər birinə 1) qol vura bilib. Göründüyü kimi, 27 yaşlı futbolçumuz 23-cü milli çempionata başlayan 10 iştirakçıdan 7-nin qapısına yol tapmağı bacarıb. Cavid mayın 16-da “İnter”in qapısına yol tapa bilsə, 8 komandaya qol vurmuş olacaq. Ancaq “Simurq”la bu mövsüm matçımız qalmadığından, Hüseynov yalnız bu komandanı oyuna mərkəzdən başlamağa məcbur edə bilməyib.

“Qəbələ İK” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43