Ölkə futbolu

“Qəbələ”də sual altında qalan futbolçular: PAOK-la oyunu kimlər buraxa bilər?

Əsas komandamızda zədə epidemiyası hökm sürür. Bir neçə futbolçumuz bu səbəbdən hazırlıqdan kənarda qalıb. Onların bəzilərinin Avropa Liqası çərçivəsində PAOK-a qarşı oynayacağı sual altındadır.

Zədəlilərin son durumu ilə bağlı məlumat almaq üçün əsas komandanın həkimi Roman Jolobaylyuka müraciət etdik. Bəlli oldu ki, ən ciddi zədə kapitan Dodo ilə bağlıdır: “Dododa omba nahiyəsində əzələ dartılması olub. Bunu “İnter”lə oyundan sonra aşkar etdik. Kapitanımız həmin matçın son dəqiqələrində zədələnsə də, əsl fədakarlıq edərək sonadək mübarizə apardı. Belə ciddi zədələr zamanı reabilitasiya prosesi təxminən 3 həftə çəkir. Bu üzdən Luisin PAOK-la səfər matçında iştirakı sual altındadır. Onun müalicəsinin dinamikasına baxıb qərar verəcəyik”.

“İnter”lə ev oyununun hələ ilk hissəsində Sergey Zenyovun da əvəzlənməsi futbolçunun zədələnməsi ilə bağlı olub. Jolobaylyuk hücumçunun Estoniya milli komandasının düşərgəsində tam müayinədən keçdiyini söyləyib: “Zenyovun da omba nahiyəsində əzələsi dartılıb. Ona da 2-3 həftə vaxt lazımdır. Estoniya yığmasının həkimləriylə söhbətdən sonra belə qərara alınıb ki, millinin oyunları zamanı düşərgədə qalsın. Təlim-məşq toplanışı bitən kimi isə komandamıza qayıdıb. Estoniyalı həkimlərin başladığı müalicəni Qəbələdə davam etdiririk. Sergeyin Yunanıstandakı matçadək sıraya dönəcəyinə ümid edirik”.

Zenyov kimi Ermin Zets də zədə üzündən milli komandasına kömək edə bilməyib. Həm də estonlar yoldaşlıq görüşü keçirirdisə, Zetsin üzvü olduğu Bosniya və Herseqovina millisini daha məsul sınaq – İrlandiya yığmasıyla pley-off matçları gözləyirdi. Zets həmin müddətdə Xorvatiyanın paytaxtı Zaqrebdə

olub. Jolobaylyuk: “Erminin onurğa sütununda ağılar var. Prinsipcə, bu, geniş yayılmış zədədir. Belə qərara aldıq ki, Zetsi bu cür zədələr üzrə ixtisaslaşmış klinikası olan Zaqrebə yollayaq. Futbolçumuz orada 10 günlük müalicə kursu keçərək, noyabrın 16-da düşərgəmizə qayıdıb. Zaqrebdəki həkimlər bizə bildirdilər ki, Zetsin müalicəsinin dinamikası müsbətdir və onun tezliklə yaşıl meydana qayıdışı üçün lazım olan hər şeyi ediblər”.

Ruslan Abışov isə milliyə dəvət alsa da, zədə üzündən Moldova yığmasıyla yoldaşlıq görüşü ərəfəsində heyətdən çıxarılıb. Azərbaycan yığmasının müdafiəçisi arxa diz bağlarıyla bağlı xroniki problem üzündən millinin heyətindən kənarda qalıb: “Ruslanla söhbətdə məlum oldu ki, zədə onu müəyyən müddətdir narahat edir. Bu, hava dəyişkənliyi, təbii otdan süni örtüklü meydançaya keçid zamanı özünü daha qabarıq büruzə verir. Abışov fasilə müddətində müalicə olunub və vəziyyəti qaydasındadır”.

Qəbələdəki ardıcıl oyunlarımız zamanı daha bir legioner – ukraynalı Dmitri Bezotosnı da sıradan çıxıb. Jolobaylyukla söhbətdə “Qəbələ”nin əsas qapıçısının vəziyyətinin yaxşılığa doğru dəyişdiyi məlum olub: “Bezotosnı yaxşı müalicə kursu keçib. Hazırda bərpa prosesi mərhələsindədir. Ümid edirik ki, PAOK-la oyunadək Dmitri də tam döyüşkən vəziyyətdə olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43