İdman

Qəbələdəki qələbə (TƏHLİL)

Ölkənin hazırda iki ən güclü komandası – "Qəbələ" və "Qarabağ" cari mövsümün VII turunda birincilərin meydanında üz-üzə gəldi.

Ötənilki kimi bu il də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların Qəbələ dueli maraqla gözlənilirdi ki, belə də oldu.

Matçın baş hakimi Rəhim Həsənovun start fitindən sonra meydan sahibləri irəli atılmaqla onları yalnız qələbə qane edəcəyinə işarə vururdular. Bu il qarşısına çempionluq iddiası qoyan və bu yöndə uğurla addımlayan Qriqorçukun komandası elə erkən qolla qonaqları məyus etdi. Ozobiçin uzaqdan zərbəsi Ağdma klubunun yeni qapıçısı üçün "hədiyyə" oldu. İlk qolun şokundan ayılmayan "Qarabağ"a növbəti zərbə 2 dəqiqə sonra Dabodan gəldi. Qaradərili forvard başla Ağdam klubunu ikinci dəfə meydanın mərkəzinə dəvət etdi. İlk hissədə "at oynadan" "qırmızı-qaralar" ikinci yarıda nəticəni qoruyaraq 3 xalı 2 qolla qazandı.

"Qəbələ"ni qələbəyə aparan məqamlar…

"Qarabağ" üzərindəki qələbə "Qəbələ"nin qələbə istəyindən xəbər verirdi. Qriqorçuk çempionatda "Qarabağ" hegomonluğuna son qoymaq üçün komandasını bəlkə də "Mayns"la oyundan öncə hazırlayırmış. Avroliqada dramatik oyun sonunda almanlara məğlub olan "qırmızı-qaralar"da psixoloji problemlər gözə çarpmırdı. Klubun məşqçilər korpusunun futbolçuları bu matça necə kökləmək lazım olduğunu bir daha isbatlamış oldu. Erkən qol və bu qoldan sonradan məğlub olurmuş kimi yenidən hücuma atılmaq rəqibin çaş-başlığından istifadə edərək ikinci dəfə qonaq komandanın torunu silkələmək qələbəni gətirən məqamlardan idi. 

"Qəbələ"nin qələbəsində azarkeşlərin də payı az olmadı. Hər halda cari mövsümdə ilk dəfə Qəbələ şəhər stadionuna bu qədər azarkeş gəlirdi. Və yerli komanda bu amildən də qüvvət alıb,  Qurbanovun yetirmələrini məyus etməyi bacardı.

"Qarabağ"ın "niyə"si

Əslində İtaliyadan böyük hesabla məğlub dönən komandada gərginlik, pxisoloji problemlərin olması qaçılmazdı. Ancaq etiraf etmək lazımdır ki, Ağdam klubu ötənilki oyunu ortaya qoya bilmir. Qəbələdə alınan məğlubiyyət də Qurbanovun bu komandanıtoparlaya bilməməsinin nəticəsidi. 

"Qəbələ" ilə oyunda əsas heyətdən bir neçə futbolçunun olmaması da, yenilginin başlıca səbəblərindəndi. Bədavi Hüseynovun yenicə zədədən döndüyü, İlqar Qurbanovun nadir hallarda meydana çıxdığını, Namiq Ələskərov, Boyan Şaranovun və Coşqun Diniyevin oyun praktikasından əziyyət çəkdiyini, Rəşad Sadıqov, Reynaldo, Rahid Əmirquliyev, Migel Madeyra, Şehiç kimi futbolçuların meydanda olmadığını nəzərə alsaq "Qarabağ"ın çempionatdakı əsas rəqibinə səfərdə məğlub olmasını normal qarşılamaq olar.

Ötəngünkü matçın antiqəhrəmanı sössüz ki, yeni transfer Şaranov idi. Əgər o, Ozobiçin onun başı üzərindən vurduğu qolda o cür kobud səhvə yol verməsəydi bəlkə də "Qarabağ" erkən qol buraxmaz, səfərdən sərfəli nəticə ilə Bakıya dönə bilərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43