İdman

“Qəbələ”nin rəqibi millinin futbolçusunu göndərdi

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Anderlext” daha bir futbolçu ilə yollarını ayırıb. İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, İbrahima Konte Belçikada “transfer pəncərəsi”nin son günündə klubunu dəyişib.

 

25 yaşlı hücumameyilli yarımmüdafiəçi Belçikanın digər təmsilçisi “Ostende” ilə anlaşıb. Qvineya millisinin üzvü yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Bununla da Konte mövsümlərarası fasilədə “Anderlext”lə vidalaşan 7-ci futbolçu olub. Ona qədər klub Stiven Defur, Dennis Prat, Stefano Okaka, Silvio Proto, Antoni Vanden Borr və Matias Suaresi yola salmışdı.

 

“Anderlext” yay fasiləsində heyətinə Nikolae Stankiu, Lukaş Teodorzik, Hamdi Harbui, Sofian Hanni, İdrissa Dumbiya, Dieqo Kapel, Aleksandru Çipçiu, Massimo Bruno, Dennis Appya və Uros Spayiçi heyətinə cəlb edib. Baş məşqçi Rene Veyler də bu yay komandanın “sükanı arxası”na gətirilib.

 

Qeyd edək ki, “Qəbələ”, “Maynts” və “Sent-Etyen”lə birlikdə Avropa Liqasının C qrupunda yer alan “Anderlext” ilk oyununu sentyabrın 15-də təmsilçimizə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43