Kateqoriyasız

“Qəbələ”yə qarşı layiqli mübarizə aparacağıq”

“Bütün fikrimiz üç xala yönəlib. Bunun üçün meydanda gücümüzü qoyacağıq. Yaxşı toplanış keçmişik, çempionata əziyyət çəkib hazırlaşmışıq. İlk oyunda əməyimizin bəhrəsini görmək istəyirik. Nə bacarırıqsa, meydanda göstərməliyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Kərim Diniyev klubun rəsmi saytına açıqlamasında deyib. 

Topaz Premyer Liqasının 19-cu turunda qarşılaşacaqları “Qəbələ” ilə oyun haqda danışan K.Diniyev matça yaxşı kökləndiklərini bildirib: “Psixoloji cəhətdən heç bir problem olmamalıdır. Çünki baş məşqçimiz futbolçuları oyuna yaxşı kökləyib. Qalan amillər özünü oyunda göstərəcək. Düşünmürəm ki, bizim üçün çətin olsun. Həqiqətən də motivasiyamız yüksəkdir”. 

“Kəpəz”in cari çempionatda “Qəbələ” ilə ilk iki dövrədəki oyunları səfərdə keçirilib. Birinci görüşdə meydan sahiblərinə uduzan (0:1) Gəncə klubu ikinci dövrədə qələbə (2:1) qazanıb. Diniyev də qarşıdakı görüşdə 3 xal qazanacaqlarına inandığını bildirib: “Biz uğurlu nəticə qazanmalıyıq, başqa şey haqda düşünmürük. Gəncədə oynayırıq. Üç xalı heç kimə hədiyyə etmək fikrimiz yoxdur. Başa düşürük ki, rəqib Azərbaycanın ən güclü komandalarından biridir. Onlara qarşı layiqli mübarizə aparacağıq. İnanıram ki, üç xal bizim olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43