Milli komanda

Qeyri-etik hərəkəti edən futbolçumuz: “Üzr istəyirəm!” (FOTO)

Azərbaycan millisinin futbolçusu Maqomed Mirzabekov DÇ-2018-in dünən San-Marinoya qarşı keçirilən oyundan sonrakı ədəbsiz jestinə görə üzr istəyib.

İdmanxeber.com-un xəbərinə görə, AFFA-nın saytına açıqlamasında o deyib:

“Dünəndən bəri müzakirə olunan jestə gəlincə, rəqib futbolçu mənə yaxınlaşaraq formalarımızı dəyişməyimizi təklif etdi. Mən də formamı dostuma bağışlayacağımla bağlı əvvəlcədən söz verdiyimi bildirdim və sözlərimi həmin jest müşayiət etdi. Hamını əmin edir və səmimiliyimə inanmalarını xahiş edirəm ki, o jesti etməklə heç kimi təhqir etmək fikrim olmayıb və o hərəkətimi qeyri-etik qəbul edənlərin hər birindən üzr istəyirəm. Millinin hər bir futbolçusu təkcə özünü yox, ümumilikdə, bütün ölkəni təmsil edir. Emosiyaların təsiri altında hər hansı analoji hərəkət etməmək üçün bundan sonra daha diqqətli davranacağam və hamını əmin edirəm ki, bu məsuliyyəti yaxşı dərk edirəm”.

Qeyd edək ki, məsələ ilə bağlı AFFA tərəfindən futbolçuya müvafiq tövsiyələr verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43