İdman

Maykl Onil: “Azərbaycanla yaxın keçmişdə qarşılaşmışıq”

“Startdan razıyıq. Qolsuz bərabərlik bizim üçün yaxşı nəticədi”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

 

DÇ-2018-in seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Britaniya təmsilçisi dünən Çexiyanın qonağı olub. Qolsuz heç-heçə edən Şimali İrlandiya təsnifat mərhələsinə 1 xalla başlayıb.

 

Matçdan sonra fikirlərini bölüşən Onil əvvəlcə Çexiya görüşü dəyərləndirib. O, söhbət əsnasında oktyabrda San-Marino, noyabrda isə Azərbaycanla keçirəcəkləri oyunların vacibliyini də vurğulayıb: “Çətin səfər oyununda xal almaqla, uğurlu başlanğıc etdik. Çexiyaya topa nəzarət etmək üçün gəlməmişdik. Sadəcə, yaxşı təşkilatlanmalı və öz keyfiyyətlərimizi göstərməliydik. Bunu da bacardıq. İlin sonuna qədər San-Marino və Azərbaycanla ev oyunlarımız olacaq. Bundan əlavə, səfərdə Almaniya ilə qarşılaşacağıq. Ümid edirik ki, bu görüşlərdən 7 xalla ayrıla biləcəyik. Səfərdə almanlardan da xal almağa çalışacağıq. Xüsusilə, San-Marino və Azərbaycanla ev oyunlarımızı səbirsizliklə gözləyirik. Bizə həmin matçlarda mütləq qələbə lazımdı”.

 

Onil Azərbaycan millisinin çətin rəqib olduğunu, noyabrda yığmamızla baş tutacaq qarşılaşmanın asan keçməyəcəyini bildirib: “Çox çətin qrupda yer almışıq. Azərbaycanla yaxın keçmişdə qarşılaşmışıq. Onlarla öz meydanımızdakı oyun da asan olmayacaq. Səfərdə isə istənilən matç isə çətin keçir”.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43