Ölkə futbolu

Qurban Qurbanov: “İstədiyimiz hücumları qura bilmədik”

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” doğma meydanında Lüksemburqun “Düdelanj” klubunu 2:0 hesabı ilə məğlub edib.
 
İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
 
“Çətin oyun alındı, yaxşı hazırlaşmışdılar. Baxmayaraq ki, ilk hissədə 2 qol vurduq. Məğlub olsalar da, mübarizə apardılar. Çətin rəqibdirlər. Cavab oyunu ağır olacaq. Bizə problem yaradacaqlar. Stadionun durumu haqda məlumatımız yoxdur. 20 gün əvvəl yaxşı deyildi. Söz veriblər ki, stadionlarını yaxşı hala gətirəcəklər. Belə rəqiblərə nə qədər tez top versək, bizə çox çətin olacaq. Cavab qarşılaşmasına ciddi hazırlaşmalıyıq və səhvsiz oynamalıyıq.
 
– “Qarabağ” ilk və ikinci hissədə fərqli oyun oynadı…
– Bu, gözlənilən idi. Rəqib öz oyunundan əl çəkmədi. İstədiyimiz hücumları qura bilmədik. Səbrli olmalıyıq.
 
– 3 sarı vərəqə çox deyil?
– Düz deyirsiniz. Amma rəqib vadar edirdi. Kiçik foulların olması normaldır. Amma sarı vərəqə məncə də çoxdur.
 
– Cavab oyununda bu rəqibin “Qarabağ”a 3 qol vurması realdır?
– Futbolda hər şey mümkündür. Həyatda mümkünsüz heç nə yoxdur. “Düdelanj”ın oyun tərzi elədir ki, bizə cavab oyununda 2 qol vura bilər. Futbolçularıma həmişə “Gefle” – “Olimpiakos” matçını misal gətirmişəm.
 
– 3-cü təsnifat mərhələsindəki rəqiblərə diqqət yetirmisiz?
– Xeyr, oranı fikirləşməmişik. Bütün diqqətimizi bu oyuna cəmləmişik.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43