Kateqoriyasız

Qurban Qurbanov istefa vermişdi…

“Neftçi”nin rəsmi “facebook” səhifəsində klub tarixi ilə bağlı yazılar yayımlanır. 

İdmanxeber.com-un məlumatına görə, budəfəki yazıda Qurban Qurbanovun komandaya baş məşqçi kimi gəlişindən söz açılır.

Çempionluğu son anda əldən qaçırdıqdan sonra rəhbərlik baş məşqçi Ağasəlim Mircavadovla əməkdaşlığı davam etdirmədi. Onunla birlikdə komandanı köməkçilər Samir Ələkbərovla Tofiq Mustafayev də tərk etdilər. Yeni baş məşqçi axtarışları bir müddət davam etdiyindən «Neftçi» İntertoto Kubokunda oynamaqdan imtina etdi. Baş məşqçi postuna bir neçə namizəd olsa da, prezident seçimi komandamızın keçmiş kapitanı, bir il əvvəl karyerasını bitirmiş Qurban Qurbanovun üzərində saxladı. Hələ mövsümdən əvvəl AFFA-da legionerlərə qoyulan limitin 5-dən 3-ə endirilməsi gənc məşqçini çətin vəziyyətdə qoydu. O çıxış yolunu Valeri Abramidze və Tomislav Mişura ilə yolları ayırmaqda gördü. Əvəzində müdafiəçi Mahir Şükürov, hücumçu Fərrux İsmayılov və gənc qapıçı Anar Nəzirov heyətə cəlb edildi. Yerli oyunçulardan «Kayserispor»a yollanan Rəşad Sadıqovla yanaşı, Ruslan Qafitullin və Elvin Əliyev də komandanı tərk etdilər. Bəxtiyar Musayev isə karyerasını bitirməyi qərara aldı.

2007-ci ildə «Neftçi» yaranmasının 70 illiyini qeyd edəcəyindən gənc məşqçi çempionatda və kubokda qələbənin nə qədər vacib olduğunu anlayırdı. Komanda yeni mövsümün hazırlığı çərçivəsində ölkədən kənarda iki təlim-məşq toplanışı keçdi. Əvvəlcə Türkiyəyə yollanan komandamız ardınca ilk dəfə olaraq Avropada – Almaniyada hazırlıq keçdi. Əsasən futbolçuların fiziki hazırlığını artırmağa yönələn məşqlərə üstünlük verən Qurbanov Almaniyada Avropa səviyyəli komandalarla yoxlama oyunları keçirmək niyyətində idi. «Makkabi» (Tel-Əviv), «Den Boş» (Hollandiya), «İsmailiye» (Tunis) kimi rəqiblərlə oyunlarda müxtəlif taktiki gedişləri sınaqdan çıxardıqdan sonra komandanı milli çempionata hazır saymaq olardı. «Gənclərbirliyi»nə vurulan altı qol da bundan xəbər verirdi. İkinci turda isə prinsipial rəqib «Xəzər-Lənkəran»la səfər oyunundan çox şey asılı idi. Həm əsas mübarizənin bu iki komanda arasında getməsi, həm də məşqçilər heyətinin Bakını məhz Lənkərana dəyişməsi matça əlavə prinsipiallıq verirdi. Oyun günü prezident İlham Əliyevin Lənkərana gələrək stadionun açılışında iştirak etməsi görüşə həm də bayram əhval-ruhiyyəsi qatırdı. İlk dəqiqələrdən böyük azarkeş dəstəyi ilə irəli atılan meydan sahibləri penaltidən ilk qolu vurdular. Futbolçularımız özünə gəlməmiş lənkəranlılar ikinci qolu vurdular. Amma ikinci hissədə meydanda yalnız «Neftçi» vardı. Demək olar ki, bütün 45 dəqiqəni hücumda keçirən futbolçularımız hətta bir neçə yüzfaizli qol epizodunu əldən verdilər. Stefanovun fantastik cərimə zərbəsi ilə fərq azalsa da, son dəqiqələrdə Aftandil Hacıyev sonuncu qol şansını qaçırdı. Bu məğlubiyyətin futbolçulara necə mənfi təsir etdiyi sonrakı oyunlarda üzə çıxdı. «Ev»də «İnter»ə məğlubiyyətdən sonra 3 oyunda heç-heçə ilə kifayətlənməli olan «Neftçi» liderlərlərdən uzaq düşdü. Xüsusilə də «Şahdağ-Samur»la səfərdəki uğursuz heç-heçə heç yerinə düşmədi. Miçoviç isə təxminən 40-45 metrlik məsafədən vurulan zərbəni ağlasığmaz səhv nəticəsində əlindən qapıya buraxdı. Bu xal itkisindən sonra Qurbanov istefa ərizəsini yazsa da, prezident Rövnəq Abdullayev onu qəbul etmədi. Yalnız «Gilan» üzərindəki qələbə futbolçularda özünəinamı bərpa etdi. Beş ardıcıl qələbə turnir cədvəlində xeyli irəliləyişə səbəb olsa da, Tovuzdakı acınacaqlı məğlubiyyət nəticəsində lider «Xəzər-Lənkəran»dan 8, ikinci yerdə olan «MKT-Araz»dan isə 5 xal geri düşdük.
Miçoviçin ağlasığmaz səhvlər buraxması, Nəzirovun isə təcrübəsizliyi Hüseyn Məhəmmədovun «Neftçi»yə qayıtması ilə nəticələndi. Hücum xətti isə Samir Əliyevlə gücləndirildi. Hələ sentyabrdan komandayla olan Rəşad Sadıqovun nəhayət ki, oynaması da böyük üstünlük idi. «Kayserispor»la qarşılıqlı razılaşma əsasında müqaviləsini ləğv edərək vətənə qayıdan müdafiəçimizi «transfer pəncərəsi»nin bağlanmasını bəhanə gətirən AFFA qeydiyyata almaqdan imtina etmişdi. İkinci dövrədəki yeganə itki icarəyə verilən Svetoslav Stefanovun martda Çinə yollanması idi.
«Neftçi» ikinci dövrəyə çox uğurlu başladı. Fasilədə heç kim bakılıların 8 xallıq fərqi aradan qaldıracağına inanmasa da, ardıcıl qələbələr başqa şeydən xəbər verirdi. Xüsusilə də «Xəzər-Lənkəran»la Bakıdakı matç olduqca prinsipial keçdi. 25 min azarkeşin izlədiyi oyunda yalnız qələbə çempionluq şansımızı saxlayırdı. İnadla müdafiə olunan lənkəranlılar 86-cı dəqiqəyədək səhvsiz oynadılar. Məhz həmin dəqiqədə Vadim Boretsin gözəl və dəqiq zərbəsi liderlə fərqi 5 xala endirdi. Birinci dövrədə bizim başımıza gələnlər indi lideri gözləyirdi. Onlar Bakıdakı məğlubiyyətdən özünə gələ bilməyərək dalbadal xal itirməkdən qurtula bilmədilər. Bundan istifadə edən «Neftçi» 22-ci turda «Karvan»ı məğlub etməklə liderliyi ələ keçirdi. Bundan sonrakı hər matçda rəqibləri «Neftçi»yə qarşı var gücü ilə oynayır, futbolçularımız isə əzmlə qələbələri sıralayaraq çempionluğa doğru irəliləyirdilər. Bu sonuncudan əvvəlki turadək davam etdi. Cəmi bir qələbə və gənc Qurbanovun ilk çempionluğu… Amma «Olimpik»lə görüş olduqca dramatik alındı. Birinci hissədə Sadıqov penaltidən hesabı açsa da, fasilədən sonra qapısında iki qol görən «Neftçi» çempionluqdan məhrum olaraq 70 illiyində gümüş medalla kifayətləndi.
Ölkə kubokunda «Bakı-2» (5:0), «Qarabağ» (2:1, 0:1) və «Turan» (7:2, 1:0) klublarını mübarizədən kənarlaşdıran «Neftçi» yarımfinalda «MKT-Araz» səddini keçə bilmədi. İmişlidə qolsuz bərabərlikdən sonra ümidlər çoxalsa da, evdə 1:1-lik heç-heçə finala vəsiqənin üstündən xətt çəkdi.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43