İdman

Qurban Qurbanov: “Qələbə qazanmaq istəyirik, ancaq…”

Xəbər verdiyimiz kimi sabah Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ" Yunanıstanda PAOK-un qonağı olacaq.

İdmanxeber.com-un Salonikiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov PAOK-la oyun öncəsi mətbuat konfransı keçirib:

-Sabah sizi hansı nəticə qane edər?

Rəqib baş məşqçinin fikirləri ilə tanışam. Hamılıqla bu oyunun onlarçün vacib oyun olduğunu bildirir. Biz də bunu başa düşürük. Bundan başqa qrupda daha iki oyun var. Biz sabah istəyirik ki, yaxşı mübarizə aparaq, futbolçularım xarakter göstərsin. Qalib gəlmək istəyirik. Ancaq hər şey ola bilər. Məğlub olduğumuz halda belə qarşıda hələ iki oyunumuz var.

– Sabahkı oyunda fərqli PAOK görəcəyinizi düşünürsüzmü?

Komanda həminki Bakıda oynayan komandadı. Rəqib nə qədər məcbur edəcək o qədər müdafiə olunacağıq. Müdafiədə ola-ola çalışacağıq ki, hücumlar quraq. PAOK öz meydanında daha aqressiv oynayır, sürətli, individual çıxış edir. Daha sürətli PAOK görəcəyimizi deyə bilərəm.

– Növbəti mərhələyə hansı komandanın keçəcəyini fikirləşirsiz – "Qarabağ", yoxsa PAOK?

İstəyirik ki, biz çıxaq (gülür)

– Sabahkı oyunda Rəşad, Miçel, Reynaldo oynayacaqmı?

Oynama ehtimalı var. Ola bilsin ki, üçü də eyni vaxtda meydanda olmasın. Ancaq onların ən azı birini start heyətində görə bilərik.

– Dediyiniz kimi, PAOK-un yaxşı azarkeşi var. Yaxşı atmosfer yaradırlar stadionda. "Qarabağ" belə azarkeşlər qarşısında çox çıxış edib. Bu azarkeş amilinin komandamıza təsir etməyəcəyini düşünmək olarmı?

Ola bilər ki, rəqib komandanın azarkeşləri 90 dəqiqə boyunca sevimli klublarını dəstəkləsinlər, ola bilər yox. Biz sabah azarkeşin səsini düşünməyəcəyik, öz oyunumuz haqda fikirləşəcəyik.

– Şər deməsən, xeyir gəlməz… Erkən qol buraxsaq sonluq necə olacaq sizcə?

Maksimum çalışacağıq ki, erkən qol buraxmayaq. 90 dəqiqə ərzində oyun hər an hər bir rəqibin xeyrinə dəyişə bilər.

Səxavət Qurbanov / Yunanıstan, Saloniki


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43