Ölkə futbolu

Rəşad Sadıqov: “Gələn il üçün güclənmək istəyirik”

“Qələbə qazanaraq şanslarımızı son tura saxlamaq istəyirdik. Düşünürəm ki, qələbəyə yaxın idik. Rəqibdə 90-cı dəqiqədə 100 faizli qol imkanı yarandı. O dəqiqələrə qədər yaxşı imkanlarımız olsa da, istifadə edə bilmədik. Bu gün qələbə qazanmadıq, amma futbolçuların çıxışından razıyam”.

İdmanxeber.az-ın məlumatına görəz bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah”la (0:0) oyundan sonra deyib.

Gənc mütəxəssis daha sonra sözlərinə belə davam edib:

Qış fasiləsində futbolçularla danışanda, işin bura qədər qalacağını müzakirə edirdik. Bilirdik ki, “Qəbələ” ilə aramızda dördüncü yer uğrunda gərgin mübarizə gedəcək. Elə də oldu. Üç turdan bundan qabaq altı xal geridəydik. Ancaq indi son tura qədər şansımız qalıb. Amma rəqib mütləq məğlub olmalıdı, biz qalib gəlməliyik. Hətta bərabərlik bizə kifayət etmir. “Qəbələ” evdə “Kəpəz”ə qarşı oynayır. Təbii ki, üstünlük onlardadı, favorit onlardır. Amma biz işimizi sona qədər görəcəyik. Əslində, mövsümün əvvəlində hədəf dördüncü yeri tutmaq idi. Bunun uğrunda da iki komanda arasında mübarizə getdi. Hansı komanda dördüncü yeri tutsa, məncə, hər ikisi layiqdir”.

Sadıqov daha sonra “növbəti mövsüm “Zirə” çempionluq uğrunda oynayacaq, yoxsa avrokuboklara vəsiqə üçün mübarizə aparacaqsız?” – sualına belə cavab verib:

Təbii ki, burada büdcə məsələsi böyük rol oynayır. Bu haqda rəhbərliklə hələ danışmamışıq. Büdcəmiz hələ müəyyən deyil. Mövsüm bitdikdən sonra daha detallı şəkildə bu barədə müzakirələr aparacağıq. Dörd futbolçu gətirdik, ancaq onlardan yalnız Eldardan istədiyimiz kimi istifadə etdik. Vladislav Kulaç zədələdir, bizimlə deyil. Donald Gerye iki aylıq zədələnmişdi. İbrahim Abbas da zədəli gəlmişdi, sonradan bizə qoşuldu. Transfer etdiyimiz oyunçuların potensialından tam istədiyimiz kimi istifadə edə bilmədik. Ancaq gələn il üçün güclənmək istəyirik. Mövsüm başa çatsın, detallı təhlil edib növbəti sezona hazırlaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43