Kateqoriyasız

Ramin Musayevin bacarmadığını ermənilər 16-cı dəfə gerçəkləşdirir

Azərbaycan futbolunda 18 ildir keçirilməyən Superkubok matçı Ermənistanda 16-cı dəfə baş tutacaq. Lent.az-ın məlumatına görə, düşmən ölkədə növbəti belə qarşılaşma sentyabrın 24-də son çempion “Şirak”la ölkə kubokunun sahibi “Pünik” arasında oynanılacaq.

İrəvandakı Vazgen Sarqsyan adına Respublika stadionunda çempion “Şirak”la ölkə kubokunun sahibi “Pünik” üz-üzə gələcək. Əvvəllər “Pünik” 7, “Şirak” 3 dəfə Superkuboka sahib olub. Bundan başqa “Mika” 2, “Kilikiya”, “Spartak”, “Ararat” və “Banants” hərəyə 1 dəfə bu kuboka yiyələnib. Yalnız 2 dəfə – 2000 və 2001-ci illərdə bu oyun keçirilməyib.

Qeyd edək ki, Azərbaycan Superkuboku cəmi 3 dəfə “Səhər” qəzetinin təşkilatçılığı ilə keçirilib. Bu mükafata 1993 və 1995-ci illərdə “Neftçi”, 1994-cü ildə “Qarabağ” sahib olub. Sonradan Superkubok matçı baş tutmayıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2009-cu ildən belə bir görüşün bərpa edilə biləcəyinə dair dəfələrlə açıqlama verib. Lakin hələ də bu istək həyata keçməyib. Ötən mövsümün çempionu “Neftçi” ilə ölkə kubokunun finalçısı “Xəzər Lənkəran” arasında keçirilməli olan oyunun Türkiyədə təşkilinin mümkünlüyünə dair fikirlər də səsləndirilib. AFFA İcraiyyə Komitəsinin martın 15-də keçirdiyi iclasında Superkubokun qalibinə 100 min, məğlub komandaya isə 50 min manat mükafat təsis etməsi də köməyə gəlməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43