Kateqoriyasız

Rasim Ramaldanov: “Nə qədər eyni sözləri eşitmək olar?” (MÜSAHİBƏ)

"Xəzər Lənkəran"dan ayrılan müdafiəçi Rasim Ramaldanov İdmanxeber.com-a müsahibə verib.

– Rasim, niyə "Xəzər Lənkəran"dan ayrıldın? Səbəb nə idi?

Səbəb bizə yalan danışmaqları idi. Biz çox dözdük. Ancaq buna artıq göz yuma bilməzdim. Çox səbr elədim. Axı mənim ailəm var, başqa böyük problemim var. Buna görə mən məcbur bu klubdan ayrılmalı, özümə yeni klub tapmalı idim. Pul verə bilmədiyinə görə "Xəzər Lənkəran"dan ayrıldım. "Bugün, sabah. Bugün, sabah…" Nə qədər eyni sözləri eşitmək olar? Biz də insanıq, biz də ailə saxlayırıq. Tək mən yox, bütün bizim uşaqlar bundan əziyyət çəkir. 8 aydı klubdan maaş almadım. Neyləməli idim, klubda qalmalıydım?

– Ancaq bir məsələ də var. Sən qış transfer pəncərəsinə kimi gözləyə bilərdin. Hər halda indi klubdan ayrılsan belə hansısa komandaya keçidin mümkün deyil. Gərək yanvarı gözləyəsən.

Düzdü, qışa kimi oynaya bilərdim. Ancaq buna səbr edə bilmədim. Həm sabah çıxdım oyuna, zədələndim. Kimsə mənə kömək edər? Artıq heç kimə inanmıram, qardaş.

– Klub rəhbərliyi səni fikrindən daşındırmadı?

Daşındırmaq deyəndə ki, "pramoy" dedilər: istəyirsən qal oyna, qapılar sənə açıqdı, ya da istəyirsən get, bu sənin fikrindi. Mən də getməyi düşündüm. İnanıram ki, düz addım atmışam.

– Transfer vərəqəni almısan?

Bəli, götürmüşəm. 

– Transfer vərəqəni götürmək müqabilində 8 aylıq maaşından keçdin, yoxsa…?

Keçdim, ya keçmədim. Nə fərqi var ki? Onsuz da heç kimə pul verilməyəcək.

– Ayrılıq çətin olmadı?

Əslində çox çətindi. Burada hər şey mənə çox xoş idi. Həm uşaqlar, həm azarkeşlər. Yaxşıları heç vaxt unutmaram.

– Təkliflər varmı?

Hələ ki, konkret bir şey yoxdu. 

– Ümumiyyətlə hər hansısa bir iddiasız klubun təklifini qəbul edərsənmi?

Kim istəməz ki, iddialı komandada oynamasın? Vəziyyətə baxacam. Qismətimdə nə varsa o da olacaq.

– Səninlə paralel bir neçə futbolçunun da komandadan gedəcəyi gözlənilir. Misal üçün Rahid Əmirquliyev, Skarlatake, Tounkara, Tural Cəlilov…

Bəli, onlar da gedəcəklər. Qışda komandadan ayrılacaqlar.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43