Ölkə futbolu

Renduliç: “Bəlkə, onlar bizə inanmırlar?”

– Futbolçularıma təşəkkür edirəm, onlarla fəxr edirəm. Bu gün möhtəşəm oynadıq, uşaqlar aslanlar kimi döyüşdülər. Hər komandaya qalib gəlmək şansımız var. “Qarabağ” kimi komandaya sadəcə belə mübarizə aparıb, qalib gələ bilərsiniz. Qələbəyə layiq idik. Bu gün bu oyunu qeyd edəcəyik, amma sabahdan növbəti matçı fikirləşəcəyik.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Sabah” – “Qarabağ” görüşündən sonra keçirilən mətbuat konfrasında ev sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç səsləndirib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– “Qarabağ”ın Azərbaycanın ən yaxşı komandası olduğunu bildirdiniz. Oyun planınızda nəyi həyata keçirə bildiniz, nəyi yox?
– İstəyirdik ki, xəttlərarası sıxlıq yaxşı olsun. Düzdür, ilk 15-20 dəqiqə bunu istədiyimiz kimi edə bilmədik. Rəqibə boşluqlar verirdik və bundan yararlanırdılar. Sonra istədiyimizi etdik. Rəqibin təhlükəli tərəflərini bilirdik və onu bağlaya bildik.

– Oyundan sonra böyük sevinciniz var idi. Bu sevincə səbəb “Qarabağ”ı məğlub etmək idi, ya avrokubok mübarizəsində qalmağınız?
– “Qarabağ”a qalib gəldiyimiz üçün deyildi. Hər oyun üç xallıqdır. “Qarabağ”ı məğlub etdiyimiz üçün 5 xal vermirlər. Futbolçular gözəl oynadılar və buna görə onları təbrik etdim.

– Anatoli Nuriyevin oyununu necə qiymətləndirirsiniz?
– Anatoli Tovuz səfərindən öncə çox məşqi buraxmışdı. Deyə bilərəm ki, bu oyunda yaxşı çıxış etdi. İnanıram ki, daha da artıracaq.

– Ötən mövsüm bu komandaların 0:0 hesabıyla başa çatan oyununda 11 min azarkeş gəlmişdi. Bu mövsüm isə rəqəmlər daha aşağıdır. Azarkeşləri yenidən meydana cəlb etməkçün hansı vədləri verə bilərsiniz?
– Bəlkə, onlar bizə inanmırlar? Böyük vədlər verə bilmərəm. Çalışacağıq ki, hər oyun qələbə qazanaq. Əminəm ki, bizim uşaqlar daha böyük dəstəyə layiqdirlər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43