Ölkə futbolu

“Sabah”a qarşı hamı elə oynayır ki, sanki həyatlarının ən vacib oyunlarıdır”

“Demək olar ki, iki standart vəziyyət oyunun taleyini həll etdi. Standartlarda səhv etdik və rəqib fərqləndi. Oyuna daha çox nəzarət edən tərəf olsaq da, təhlükəli yerlərdə top qəbul edə bilmirdik. Nəticədən məmmun deyilik, işləməyə davam edəcəyik”.

İdmanxeber az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev APL-in 5-ci turunda “Turan Tovuz”a məğlubiyyəti (0:3) şərh edərkən deyib.

Rusiyalı mütəxəssis Mikelsin gedişi ilə bağlı verilən sualı belə cavablandırdı:

“Mikelsin gedişi bizim üçün gözlənilməz idi. Bu, mövsümün gedişində baş verdi. Biz də buna hazır deyildik. Həmin mövqeyə heç kimi götürmədik. Ötən mövsüm yaxşı anlaşma var idi. Biz onun yerinə nominal yarımmüdafiəçi oynadırıq. Transfer gözləyirik. Eyni profilli cinah futbolçusu aldıqdan sonra ola bilər ki, düzəlsin. Bu gün rəqib müdafiəsi arxasına açılmalar az idi. Asmalar vaxtı cərimə meydançasının içərisində kəskinlik, aqressivlik yox idi. Bunun üzərində işləmək lazımdır. “Sabah”a qarşı hamı elə oynayır ki, sanki həyatlarının ən vacib oyunlarıdır. “Turan Tovuz”un ötən turdakı oyunu ilə bugünkü matçını müqayisə edin. Ölməyə hazır idilər. Bütün rəqiblər bizə qarşı belə oynayır. Nəyə görəsə, “Sabah” hamı üçün əsas motivasiya mənbəyidir. Amma heç nə olmaz, sakitləşmək lazımdır. Yalnız işləməklə bunun öhdəsindən gələ bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43