İdman

Sahib Ələkbərov: “…bizim üçün böyük önəm kəsb edir”

“Yarışın bu mərhələsi də ötən dünən olduğu kimi uğurla başa çatdı. Kifayət qədər uzun bir məsafə idi – 187 km. Mərhələdə çoxlu dağ yolları da var idi. Bizim idmançımız bu marəhələnin qalibi oldu. Komandamızın digər üzvləri də finişə sağ-salamat gəlib çata bildi. Heç bir problem yaşanmadı. Bizim üçün sevindirici haldır ki, gən velosipedçimiz Kiril Pozdnyakov uğurla çıxış edib, finişə birinci çatdı. O, həm lider köynəyinə yiyələndi, həm də digər mükafatlaralayiq görüldü. Düşünürəm ki, bu, hələ başlanğıcdır. Gələcəkdə belə mükafatlar hələ çox olacaq. Fürsətdən istifadə edərək, yarışın belə yüksək şəraitdə keçirilməsində köməyi dəyən bütün insanlara təşəkkürümü bildirirəm”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti Sahib Ələkbərov deyib.

Ötən il də İsmayıllı mərhələsində “Snyergy Baku” komandasının üzvü qalib gəlmişdi. S.Ələkbərov bu barədə də fikirlərini bildirib:

“Əslində, belə də demək olar. Amma düşünürəm ki, hər bir mərhələ bizim üçün düşərlidir. Bizim idmançılar bu yarışa xüsusi hazırlaşırdılar. Çünki komandamız gənclərdən ibarətdir və həmin gənclər öz güclərini göstərmək üçün əllərindən gələni edirlər. Bu mərhələ həqiqətən də, ağır mərəhələ idi. Buna baxmayaraq, IV İslam Həmrəyliyi Oyunlarından öncə belə bir yarışda uğur qazanmağımız bizim üçün böyük önəm kəsb edir. Komandamızdan hər zaman qələbə gözləyirəm. Bunun üçün hər birimiz çalışırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43