İdman

Samir Əliyev: “Əgər “Neftçi”yə lazım deyilsə, versinlər bizə, bizdə oynasın”

“Səbail”in baş məşqçisi Samir Əliyevin İdmanxeber.com saytına müsahibəsi.

– “Səbail”in qış fasiləsinə qədər olan çıxışını necə dəyərləndirərdiz?

– Qarşıda “Qəbələ” ilə çətin keçəcəcək kubok oyunlarımız və Premyer Liqada təxirə salınan “Qarabağ”la matçımız var. Hər iki rəqibimiz Azərbaycanın ən güclü klublarıdı. Hazırda həmin oyunları düşünürük. O oyunlardan sonra geriyə baxacağıq. Görək, harda səv etmişik, nəyi daha yaxşı edə bilərdik.

– “Qarabağ”la çempionat oyununda nəyə ümid edirsiz?

– Rəqibimiz Azərbaycanı Çempionlar Liqasında təmsil edən bir komandadı. Bu gün “Səbail”lə “Qarabağ”ı müqayisə etmək yersiz olardı. Çalışacağıq ki, layiqli oyun göstərək, qarşılaşmanı izləyənlər, oyunumuzdan həzz alsınlar. Düşünürəm ki, maraqlı matç olacaq.

– Yəqin ki, ən azı heç-heçəyə ümid edirsiz…

– Niyə? Qələbə qazanmaq istəyirik. Biz heç vaxt meydana heç-heçə üçün çıxmırıq. Ya udarıq, ya uduzarıq. Bəlkə tam inandırıcı çıxmaz. Amma hədəfimiz 3 xaldı. 

– Qış fasiləsində komandada nəyi dəyişmək istəyirsiz?

– Gücləndirmək istədiyimiz mövqelər var. Ancaq hələ konkret ortada nəsə yoxdu. Ona görə, bir söz deyə bilmərəm. Rəsmi olmayan mövzu haqda danışmaq yaxşı olmazdı. Düzdü, danışıq apardığımız futbolçular var. Deyə bilmərəm, hamısı təcrübəlidi. Ola bilsin, əksəriyyəti gənclər oldu. Təxmini müəyyənləşdirmik ki, “Qarabağ” və “Qəbələ” matçlarından sonra hansı futbolçularla yolları ayıracıyıq. 

– Konkret ad çəkə bilərsiz?

– Bu düzgün çıxmaz.

– Mövsümün gedişində qapıçı Emil Balayev bir sıra səhvlərlə yadda qaldı. Yeni qolkiper axtarışında olacaqsız?

– Xeyr. Belə bir düşüncə yoxdu. Razıyam, səhvlər olurdu. Ancaq futbolçu səhv edə-edə təcrübələnir. Hər iki qapıçımıza güvənirik. Eybi yox, qoy səhv eləsin, təki oynasın. 

– Bizdə olan məlumata görə, “Neftçi”dən Fəhmin Muradbəylini heyətinizə qatmaq istəyirsiz…

– Yalan deməyəcəm, bəli, belə bir fikrimiz var. Çünki mən “Neftçi”də işləyən müddətdə, onun oyununu çox bəyənirdim. Ancaq Fəhminin da “Neftçi” ilə müqaviləsi var, görək nə edə bilirik. Çox istedadlı futbolçudu, istərdim ki, “Səbail”ə xeyir versin. Danışıqlar gedir, 1-2 detal var. Onlar da yoluna qoyulsa, İnşallah, keçid alınacaq.

– Keçid icarə əsasında baş tutacaq, ya transfer edəcəksiniz?

– Dəqiq bilmirəm. Vəziyyətə baxacağıq. Çalışırıq ki, Fəhmin kimi istedad ehtiyatda qlamasın. Çünki bu gün “Neftçi”də yetərincə əsas heyət futbolçuları var. Fəhmin isə onların arasında istədiyi qədər forma şansı görmür. Əgər “Neftçi”yə laızm deyilsə, versinlər, bizdə oynasın. Tək Fəhmin yox, başqa futbolçular da var. İnşallah, qışda büdcəmizə uyğun olaraq yaxşı işlər görmək istəyirik.

– Belə başa düşdük ki, “Qarabağ” və “Qəbələ” kimi güclü klublarda əsas heyətə düşə bilməyən futbolçularla maraqlanırsız…

– Var, o klublarda çıxış edən futbolçular da, var. Ancaq hələ ortada heçnə yoxdu. 

– Milli komandamızın kapitanı olan, lakin “Qarabağ”da nadir hallarda meydana çıxan Rahid Əmirquliyev “Səbail”in transfer siyahısında yer ala bilər?
– İnanmıram. Ona görə ki, bizim büdcəmiz Rahid Əmirquliyev kimi futbolçunu götürməyə yetməz. Mən istəyərəmmi? Əlbəttə ki! Rahid kimi futbolçunu hansı məşqçi komandasında görmək istəməz? Ancaq bir məsələ də var ki, Rahid kimi futbolçu daha iddialı klubda oynamaq istəyər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43