Ölkə futbolu

Şübhələrə “Keşlə” futbolçusundan cavab: “Allaha and olsun ki, belə bir şey yoxdur”

“Vallah, deyəcək söz yoxdur. Qara zolaqdan çıxa bilmirik. Hər oyuna qələbə qazanacağımızı düşünərək çıxsaq da, yenə də alınmır. Bəzən komandada maliyyə problemi olduğu danışılır. Ancaq qətiyyən belə bir şey yoxdur. Maaşlar da, premiyalar da vaxtında verilir. Sadəcə bilmirik ki, problem nədir. Hesabda geriyə düşən kimi psixoloji olaraq oyundan düşürük. Deməyi söz tapa bilmirəm”.

Bu sözləri “Keşlə”nin futbolçusu Azər Salahlı İdmanxeber.az -a verdiyi müsahibədə deyib. Gənc oyuncu Tərlan Əhmədovun “Qarabağ” oyunu sonrası keçirilən mətbuat konfransında futbolçulardan şübhələndiyinə işarə vurmasına da münasibət bildirib:

“Allaha and olsun ki, belə bir şey yoxdur. Olması da mümkün də deyil. Ola bilsin, Tərlan Əhmədov əsəbləşərək belə deyib. Mən bütün oyunçulara başımla cavabdehəm. “.

A.Salahlı Tərlan Əhmədovdan fərqli olaraq “Qarabağ”ın ilk qolundakı epizodu təmiz sayır:

“Həmin epizodda təmas topdan sonra olur. Mahir Mədətov ayağını qaçırtmaq istəsə də, bacarmadı. Sanki qapıçının üzərindən tullanmaq istəyirdi. Məncə, həmin epizodda qayda pozuntusu yox idi. Tərlan Əhmədovun həmin bu epizoda etiraz etməsi normaldır. Yəqin ki, o da təkrarına baxanda sonra tam görəcəkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43