Müsahibə

Sxadadze: “Yığılıb-qalan borclarımız ödənildikdən sonra…” (MÜSAHİBƏ)

“İnter”in hücumçusu Baçana Sxadadze Gürcüstan mətbuatına müsahibə verib. 
– Komanda maliyyə problemləri ilə üzləşməsinə baxmayaraq Azərbaycan çempionatını gümüş medallar başa vurdu. Mövsümü necə dəyərlədirərdin?

– Bəli, son üç ayda “İnter” yaxşı nəticələr qazandı. Biz çempion da ola bilərdik. Lakin bəzi oyunlarda vacib xallar itirdik ki, bu da sonda turnir cədvəlindəki mövqeyimizə təsir göstərdi. Maliyyə problemlərinə gəlincə, meydana çıxan peşəkar futbolçu ilk öncə pul haqda yox, qalib gəlmək haqda düşünməlidir.

– “İnter” Kaxaber Sxadadzenin rəhbərliyi altında sabit çıxış etməsinə və mükafatçılar sırasına düşməsinə baxmayaraq, komandanın oyunu Azərbaycan mətbuatında çox tənqid olunur. Səncə, bu nə ilə bağlıdır?

– Bunu yalnız özünə və peşəsinə hörmət etməyən bir jurnalist edir. Çünki onun gəliri burdan çıxır və şəxsi maraqları ilə idarə olunur. Belə saytların məqsədi yalan və əsassız məlumatlarla diqqət cəlb etməkdir. Düşünürəm ki, sağlam tənqidin qarşısı alınmamalıdır. Çünki bu, komandanın və futbolçunun gələcəkdə daha da təkmilləşməsinə kömək edir. Yuxarıda qeyd etdiyim saytlardan başqa Azərbaycanın qalan mətbuat orqanları baş verənləri olduğu kimi işıqlandırır.

– Atanızın çalışdırdığı komandada oynamaq sənə nə dərəcədə çətin idi?

– Düzünü desəm, mən buna əhəmiyyət vermirəm. Kaxabar Sxadadzenin xarakterini hər kəs bilir. O, ilk növbədə “quru seriya”, komandasının qol buraxmaması haqda düşünür.

– Legionerlər “İnter”dən ayrılıb. Komandanın gələcək taleyi necə olacaq?

– Təkcə legionerlər yox, aparıcı yerli futbolçular da komandanı tərk ediblər. Vəziyyət heç də ürəkaçan deyil. Maliyyə problemi yaşanmamışdan öncə komandada qalmağımızla bağlı rəhbərliklə söhbətimiz olmuşdu. Ancaq indi vəziyyət çox pisdir. Yalnız yığılıb-qalan borclarımız ödənildikdən sonra klubla yeni müqavilə haqda danışmaq olar.

– Ümumiyyətlə, “İnter”lə hər hansı bağlılığın qalıb, yoxsa komandadan birdəfəlik getmisən?

– Klub prezidenti Georgi Nikolov hazırda futbolçuların borcunu ödəyə bilməyəcəyini deyib. Bu səbəbdən komandadan ayrıldım. Lakin birdəfəlik getməmişəm. Altı il “İnter”də oynamışam və bu müddətdə maaşla bağlı problemlə üzləşdiyimi xatırlamıram. Ümid edirəm ki, vəziyyət yaxşılığa doğru dəyişər və borclarımız ödənər. Hələ ki, gözləyirəm. Yaxın zamanda gələcək karyerama aydınlıq gələcək.

– Azərbaycan çempionatı haqda nə deyə bilərsən?

– Son 5-6 ildə Azərbaycan çempionatı inkişafda idi. Lakin son mövsümdə çempionatın səviyyəsi birdən-birə düşdü. “Bakı” klubu çıxılmaz vəziyyətdədir. “İnter”in üzləşdiyi problem haqda bayaq danışdıq. “Xəzər Lənkəran”ın da büdcəsi azaldılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43