Ölkə futbolu

Toşak: “Xəzər Lənkəran” azarkeşlərinə səslənirəm…”

“Xəzər Lənkəran” komandasının baş məşqçisi Con Bencamin Toşak sabah "İnter"ə qarşı keçiriləcək oyun haqda klubun rəsmi saytına açıqlama verib.

Təcrübəli mütəxəssis açıqlamasında geridə qalan 6 tura da toxunub:

"Sabah “Xəzər Lənkəran” üçün çox vacib bir oyundur. Belə vacib matçdan öncə azarkeşlərimizlə bəzi məsələləri paylaşmaq yerinə düşər. Son iki turda çox gözəl və vacib qələbələr qazandıq. Bu qələbələri qazanmaqla komandamız özünəinamını da geri qaytardı. Mən bir daha vurğulmaq istəyirəm ki, əslində biz bundan öncəki matçlarda da pis təsir bağışlamamışdıq. Lakin bəxt tamamilə “Xəzər Lənkəran”dan üz döndərmişdi. Son oyunda Nildonun iki qol vurması məni çox sevindirir. Bu qollarda azarkeşlərimizin rolu böyükdür. Çünki, Nildo son oyunlarda fərqlənə bilməməsinə rəğmən “Bakı” ilə ev matçımızda azarkeşlər onu elə dəstəklədilər ki, hətta mən özüm belə təsirləndim. Bu “Xəzər Lənkəran” azarkeşinin böyüklüyünü göstərir. Biz hələ çox iş görməmişik. Çalışmalıyıq və durmadan nöqsanlarımızı aradan qaldırmaqla güclü bir komanda yaratmalıyıq. Mənim vətənimdə belə bir xalq misalı var- “Qaranquş səmada görünürsə düşünmə ki, artıq yaz gəlib”.

 

Ona görə də indidən hisslərə qapılmaq olmaz. Sabah “Xəzər Lənkəran” çox güclü bir komanda ilə oynayacaq və bu oyun bizim üçün çox əhəmiyyətlidir. Buna görə də bütün “Xəzər Lənkəran” azarkeşlərinə səslənirəm-Sizi tribunada görmək istəyirik. Dəstəyinizi bizdən əsirgəməyin!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43