Ölkə futbolu

Tuyqun Nadirov: “Biz Azərbaycan futbolundan bir dəfəlik getməmişik”

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov klubun fəaliyyətini dayandırmasının səbəbləri haqda açıqlama verib.

İdmanxeber.com “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, o, klubun bu vəziyyətə düşməsində “Palmali” Şirkətlər Qrupunun rəhbərliyində təmsil olunmuş Alaatdin Aykaçı ittiham edib.

“2011-ci ildən başlayaraq “Xəzər Lənkəran”ın idarə olunmasına müdaxilələr olunub. “Yeni inkişaf planı” hazırlayan Alaatdin Aykaç klubun büdcəsinə ciddi ziyanlar vurub. Son illərdə kifayət qədər böyük vəsait onun tərəfindən mənimsənilib. Təəssüf ki, bu məsələ də ona ölkəmizdən dəstək verən, himayə edən şəxslər olub. Klubun maliyyələşməsinə nəzarət edən Alaatdin Aykaç klubun fəxri prezidentinin inamından sui istifadə edərək aldatmaq yolu ilə klub büdcəsini talamaqla yanaşı onun inkişafına böyük ölçüdə mane olub. Təsadüfi deyil ki, uğurlu nəticələr qazanan mütəxəssislərin zamanında vəsait axının dayandırılması, öz istədiyi çalışdırcıları kluba yerləşdirdikdən sonra isə külli miqdarda vəsait xərclənməsi kimi faktlar var. Bura yersiz baş məşqçi dəyişikləri ilə yanaşı infrastrukturda görülən yarıtmaz təmir və yenidən qurma işləri də daxildir” – deyə T.Nadirov bildirib.

“Bu o demək deyil ki, yerli rəhbərlik bütün günahları üzərindən atır” sualına T.Nadirov belə cavab verib:

“İş olan yerdə qüsurlar həmişə olur və olacaq. “Xəzər Lənkəran” rəhbərliyi olaraq gördüyümüz müsbət işlər, klub infrastrukturunun qurulması, 2011-ci ilə qədər qazanılan nailiyyətlərlə yanaşı buraxdığımız səhvləri də qəbul edirik. Ancaq ədalətli olsaq, məhz 2011-ci ilə qədər qazanılan nailiyyətlər, görülən işlər səhvlərimizi sığortalayır”.

“Hamını maraqlandıran sual- “ Xəzər Lənkəran” nə vaxt geri dönəcək?”. Bu suala T.Nadirovun cavabı belə olub:

“Hazırda aşağı qruplarımız fəaliyyətini davam etdirir. Deyərdim ki, həmişə oldugu kimi cari mövsümdə də aşağı yaş qrupları uğurla çıxış edirlər. Son olaraq U-17 komandamızın qapıçısı da milli yığma komandanın toplanışına dəvət alıb. Klubun geniş avtobus parkından tutmuş, bazası, stadionuna qədər hər şey yerindədir. Yaxında aldığım məlumata görə geyim təhcizatına görə yaxşı mənada fərqlənən klub məhz “ Xəzər Lənkəran”dır. Bəzi araşdırmalar bitəndən sonra “ Xəzər Lənkəran” əlbəttə dönəcək. Bir neçə gün öncə klubun bazasında olan klub preidenti Mais Mənsimov carı təmir işlərinin bərpası üçün tapşırıqlar verib. Biz Azərbaycan futbolundan bir dəfəlik getməmişik. “ Xəzər Lənkəran” geri dönməsi üçün münbit şərait, şəffaflıq yaranan kimi klubumuz dönəcək və buna kimsənin şübhəsi olmasın!”

Qeyd edək ki, bu müsahibədə T.Nadirov A.Aykaçı “Palmali” Şirkətlər Qrupunun pulunu mənimsəməkdə də ittiham edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43