Kateqoriyasız

Uşaq futbolunda “barmağa dolama” əməliyyatı – YAZI

Şənbə günü “Dalğa Arena”nın yardımçı meydanında U-11, U-12 və U-13 liqalarının oyunları keçirilməli idi. Amma havanın küləkli olması üzündən AFFA-nın  Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsi (UGYTŞ) oyunların təxirə saldı. İlk baxışda burada qeyri-adi heç nə yoxdur. Əlverişsiz hava şəraiti üzündən müxtəlif birinciliklərdə oyunların təxirə düşməsi halı ilə tez-tez rastlaşırıq, o da olsun aşağı liqalarda. Məsələ burasındadır ki, oyunlardan 2 gün əvvəl şənbə günü Bakıda güclü şimal küləyinin əsəcəyi, küləyin sürətinin 20 m/s-ni keçəcəyi barədə məlumat verilmişdi. Bundan başqa bir neçə komanda UGYTŞ-ə oyunların təxirə salınması ilə bağlı şifahi müraciət də etmişdi. Lakin şöbə rəhbərliyi müraciətlərə məhəl qoymayaraq oyunların bütün hallarda baş tutacağını bildirmişdi. Şənbə günü isə…
Səhər departament rəhbərliyi oyunların təxirə düşməsi ilə bağlı komandaları məlumatlardıranda gülməli vəziyyət yarandı. Oyun gününə kimi fikrindən dönməyənlər səhv etdiklərini anladılar. Ortada isə balacalar, onların valideynləri və məşqçilər əziyyət çəkmiş oldular. Axı, şöbənin işçiləri hava şəraitinin küləkli olacağından məlumatlı idi. Üstəlik, onlara oyunların təxirə salınması ilə bağlı müraciətlər də ünvanlanmışdı. Bu, bir daha həmin şöbə rəhbərliyinin işinə məsuliyyətlə yanaşmamasını, daha doğrusu işin cəmini bilməməsini sübut edir.
Həmin turun oyunlarının nə vaxta təyin olunacağı bilinmir. Gözləmək olar ki, tur həftənin iş günləri keçirilsin. Özü də oyunların günorta saatlarına təyin edildiyi məlum olsa, təəccüblənməyə dəyməz. Bunu nəyə görə deyirəm? Məsələ burasındadır ki, bu liqalarda hələ martın 30-da keçirilməli olan turda Antalyaya səfər etməsi səbəbindən “Vətən” RİOEUG-nin bütün yaş qruplarının oyunları təxirə salınmışdı. Həmin qarşılaşmalar aprelin 7-də, günorta saat 1-2-də keçirildi. Nəticədə nə səhər, nə də günorta növbəsində oxuyan uşaqların demək olar ki, hamısı dərslərdən qaldılar. Olmazdı, oyunlar elə vaxta təyin olunardı ki, heç olmasa, uşaqlardan yarısı dərslərdə iştirak edərdilər. Bunun üçün “Tarixi-Nadir”i oxumağa ehtiyac yoxdu. Sadəcə, işi bilmək və ona məsuliyyətlə yanaşmaq lazımdır. Yeri gəlmişkən, ötən bazar “Dalğa Arena”da liqaların oyunlarını izləyərkən AFFA-nın baş katibi Elxan Məmmədovla rastlaşdım. Səmimi sözümdür, nə qədər tənqid etsək də, Elxan müəllimi “Dalğa Arena”da görməyimə, onun uşaq futbolu ilə maraqlandığının şahidi olduğuma sevindim. Baş katiblə ayaqüstü uşaq futbolunda olan problemlərlə bağlı 5-10 dəqiqəlik söhbət də etdik. Elxan müəllim problemlərdən xəbərdar olduğunu və onların tezliklə aradan qaldırılmasına çalışdıqlarını bildirdi. Təəssüf ki, UGYTŞ-nin rəhbəri Yusif Vəliyevin ötən ay qəzetimizə verdiyi yazılı açıqlamada uşaq futbolunda demək olar ki, heç bir problemin olmadığı bildirmiş, hətta bizi liqaların oyunlarını izləməməkdə, yalan danışmaqda ittiham etmişdi. Nə isə… Sonradan eşitdim ki, mənimlə söhbətdən sonra Elxan Məmmədov bayaq haqqında söz açdığım təxirəsalınmış oyunlarla bağlı Yusif Vəliyevi danlayıb. Görünür, şöbə rəhbəri biz bir yana, Elxan müəllimi də saya salmır. Əgər saysaydı…
Və sonda. Bildiyimə görə, şənbə günü keçirilməli olan oyunları izləmək və uşaq futbolundakı vəziyyətlə tanış olmaq üçün Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitə üzvü Şahin Diniyev “Dalğa Arena”ya getməli idilər. Yəqin ki, bir gün əvvəl turun hava şəraiti üzündən təxirə düşməməsi ilə bağlı məlumatları var idi. Yusif Vəliyev imkan vermədi.
 
İlqar TAĞIYEV
“Het-trik news” qəzeti
P.S. Deyəsən, UGYTŞ yava-yavaş “düzəlir”. Gözümüz aydın, təxirə salınmış turun oyunları aprelin 15-ə, günortadan sonraya təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43