Layihə

XX tura baxış (LAYİHƏ)

Premyer Liqamızda XX tur da beləcə geridə qaldı.

Sössüz ki, bu tur da söz-söhbətsiz, qalmaqalsız ötüşmədi. Yenə hakim səhvlərinin qeydə alındığı bu turda qapılara cəmi 5 qol vuruldu. Baş tutmuş 4 oyunun birində ev sahibi, ikisində isə qonaqlar 3 xalı bayram edən tərəf oldu. Yalnız bir matç “sülh”lə nəticələndi. Keçirilən 4 görüşdə futbolçulara ikisi qırmızı olmaqla ümumilikdə 15 vərəqə göstərildi.

Şüvəlanda 86 dəqiqəlik “sükut”

Tura Şüvəlanda AZAL – “Neftçi” matçı ilə start verildi. “AZAL Arena”da keçirilən və cəmi 400 azarkeşin izlədiyi matçda autsayder “təyyarəçilər”in qış fasiləsindən sonra güclənən “Neftçi”yə qarşı hansı oyunu və bunun fondunda nəticəni ortaya qoyacağı maraqla gözlənilirdi. Lakin görüşün favoriti sayılan “flaqman” qarşılaşmanın 4-cü dəqiqəsində gücünü Tərlan Əhmədovun başçılıq etdiyi komandaya göstərdi. Daniel Seqoviya “Neftçi”ni hesabda önə çıxardı. Qoldan sonar dərhal hücuma atılan “təyyarəçilər” bir neçə epizodda hesabı bərabərləşdirməyə yaxın olsalar da, istəklərinə çata bilmədilər. İkinci hissə də “Neftçi”nin hücumları şəraitində başladı. “Ağ-qaralar” ikinci hissənin ilk dəqiqələrində bir neçə təhlükəli hücum etsə də, fərqlənə bilmədilər. Matçın sonlarına yaxın AZAL hücumlarının kəsərini artırdı. Lakin bu, komandanın fərlənməsinə kömək etmədi. Beləliklə, “Neftçi” səfərdə qalib gələrək 3 xalı aktivinə yazdırdı – 1:0. Hesabında 20 xalı olan “ağ-qaralar” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Neftçi” ən yaxın izləyicisi “Kəpəz”i 3 xal qabaqlayır. 6-cı pillədə qərarlaşan “Sumqayıt” isə “Neftçi”dən 5 xal öndədir. Avrokuboklara getməyi planlayan komanda mövsüm sonunacan maksimum xallar toplamağa çalışacaq.

Zirədə avrokubok savaşı

Günün digər matçında “Zirə” “Sumqayıt”ı qonaq etdi. Hər iki klubun avrokuboklara vəsiqə qazanmaq istəyi və turnir cədvəlindəki yaxınlıqı oyunu maraqlı edən amillərdən idi. Qonşuların dueli gözlənildiyi kimi maraqlı keçdi.

Hadisələri qabağlayaraq qeyd edək ki, oyun boyu hər iki tərəfin real qol imkanları oldu. Bu görüşdə bir qol vuran komanda sonda qələbə qazanan tərəf olacaqdı.

Meydanda daha istəkli olan, səhvsiz oynayan “Zirə” matça hücumlarla başladı. İlk dəqiqələrdən irəli atılan komanda istəyinə 35-ci dəqiqədə çatdı. “Qartallar” Riçard Qadzenin vurduğu qolla hesabı açdı. İkinci hissə də ev sahibi komandanın hücumları ilə başladı. “Zirə” nə qədər çalışsa da növbəti qolu vurmağa çətinlik çəkirdi. “Sumqayıt” isə bu oyunda sanki “tilsimlənmişdi”. Hər oyunda rəqibinə ciddi təzyiq göstərən komanda bu matçda istədiyinə nail ola bilmirdi. Görünür, baş məşqçi Samir Abasovun meydanda olmaması futbolçuların oyununa ciddi təsir göstərir. Komanda qalan vaxt ərzində nə qədər çalışsa da, məğlubiyyətdən qaça bilmədi və “Zirə” vacib qələbə sayəsində “Sumqayıt”l keçərək turnir cədvəlinin 4-cü pilləsinə yüksəldi. Komandanın aktivində 26 xalı var və “Sumqayıt”I 1 xal qabaqlayır.

Zirə İdman kompleksinin stadionunda keçiriən bu matçı 1300 tamaşaçı seyr etdi.

“Qarabağ”ın “qorxulu yuxu”su

XX turda “Qəbələ”yə məğlub olan “Qarabağ” mütləq şəkildə “İnter”lə görüşdən qalib ayrılmağı planlaşdırırdı. Hər halda çempionluq yarışında evdə xal itirməmək əsas məqamlardandı. Lakin komandanın heyətindəki itkilər Qurbanovu narahat edən məqamlardan idi. Qəbələdən məğlub dönən Ağdam təmsilçisi “İnter”lə matçda qələbə qazanmaqla komandadakı motivasiyanı yüksəltməyə çalışsa da, bu, faydasız oldu.

Vüqar Nadirovun uzun müddətdən sonra ilk dəfə start heyətində meydana çıxması və hücumda “dişsiz” təsir bağışlaması,komandasının qol vura bilməməsinə təsir edən amillərdən oldu. Yalnız müdafiə olunmaqla kifayətlənən paytaxt klubu ara-sıra qol imkanları yaratmaqla meydan sahiblərini həyəcanlandırırdı. İlk hissədə demək olar heç nə ilə yadda qalmayan”İnter” ikinci hissədə meydanda “at oynadan” tərəf oldu. Və bunun məntiqi nəticəsi kimi qol da özünü çox gözlətmədi. Xizanaşvilinin 72-ci dəqiqədə vurduğu gözəl qol “Qarabağ”ı “Qəbələ”dən geri saldı. Qoldan sonar ayılan Ağdam klubu hücumlarının kəsərini artırdı. Lakin rəqib müdafiəsini yarmaqda çətinlik çəkən komanda hesabı bərabərləşdirə bilmədi.

1200 tamaşaçının izlədiyi matçda başqa qol olmadı və “Qarabağ” cari mövsümdə 4-cü məğlubiyyətini aldı. Maraqlıdır ki, bu məğlubiyyətlərdən ikisi məhz “İnter”ə aiddir. Ümumiyyətlə, “Qarabağ” klubu cari mövsüm “İnter”lə 3 dəfə qarşılaşıb. Bu görüşlərin 2-də “İnter” meydandan 3 xalla ayrılıb. Bir görüşdə isə qapılara qol vurulmayıb.

Gəncədə “şou”

Turun maraqla gözlənilən matçından biri də Gəncədə baş tutdu. Lider “Qəbələ” “Kəpəz”lə görüşün favoriti hesab olunsa da, oyun sonunda qeydə alınan nəticə “qırmızı-qaralar”ın bundan sonrakı matçlarda daha da ehtiyatlı olmasına zəmin yaratdı.

Əliyar Ağayevin idarə etdiyi matçda ilk qol meydan sahiblərindən gəldi. Şəhriyar Rəhimovun 36-cı dəqiqədə vurduğu qol söz-söhbətə rəva yaratdı. Çünki qolun oyundankənar vəziyyətdən vurulduğu düşünüldü. Hər halda ilk və hətta sonrakı təkrarlarda da bu belə görünürdü. Lakin epizoda daha diqqətlə baxdıqda təbbi ki, həmin anda ofsaydın olmadığını görmək mümkündü.

Qolun oyundankənar vəziyyətdən vurulduğunu düşünən “Qəbələ”nin futbolçularının hakimə etirazı heç nəyi dəyişmədi. Görüşün 38-ci dəqiqəsində Nicat Qurbanov və Nika Kvekeskiri arasındakı qalmaqal hər iki futbolçunun meydandan qovulmasına səbəb oldu.

Geridə olan “Qəbələ” bərabərlik qolu üçün bütün gücünü ortaya qoydu. Lakin istədiyini reallaşdıra bilməyən qəbələlilər bunu rəqibin sayəsində bacardı. Belə ki, matçın 54-cü dəqiqəsində rəqibin hücumunun qarşısını kəsməyə çalışan Renan Alveş topu öz qapısından keçirdi. Nəticədə hesab bərabərləşdi – 1:1. Qoldan sonra rəqibi daha da təzyiq altında saxlamağa çalışdı. Topla hərəkət etməyin çətin olduğu Gəncə şəhər stadionunda Qəbələ təmsilçisi oyunun sonunadək hücumlar təşkil etsə də, fərqlənməyi bacarmadı. Nəticədə, komanda aktivinə 1 xal yazdırdı. Bununla da hesabındakı xal sayını 43-ə yüksəldən komanda 1-ci pillədəki yerini qorudu.

Sonda onu da qeyd edək ki, turun ən çox azarkeş qeydə alınan matçı elə “Kəpəz” – “Qəbələ” qarşılaşması oldu – 5000 tamaşaçı.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43