İdman

Yunis Hüseynov: “Fikirləşdim ki, görəsən yenə axırda qol buraxacağıq?”

“Ağır oyun keçdi. Çox istəyirdik qələbə qazanmaq. 3 tur ərzində ələbə qazanmamağımıza baxmayaraq, oyunumuz yaxşı alınırdı. Sizə deyim ki, əvvəlki 3 turdan çox bu görüş çətin keçdi. Çünki “Səbail” “Qəbələ”ni məğlub etmişdi. Onların ruh yüksəkliyi var idi. Qələbə qazandığımız üçün şadıq. İnanıram ki, qalibiyyətlərimizin davamı gələcək”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Səbail” matçı sonrası baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis oyunla bağlı verilən sualları da cavablandrıb:

– Fasilədən sonr Dedimar Fereyranı əvəzlədiniz. Aşkar görünürdü ki, İlkin Sadıqov mübarizə apara bilmir. Onu nə üçün uzun müddət meydanda saxladınız?

– Məncə o çox da pis təsir bağışlamadı. İlkin Sadıqov istedadlı futbolçudu. Oyunundan narazı qalmadım. Biz deyən tapşırıqları da yerinə yetirirdi. Dedimarın isə sarı vərəqə aldı, səhvə yol verdi. Sərt oynamağa üstünlük verən futbolçu olduğu üçün Dedimarı əvəzlədim. 

– Bu sizin məşqçilik karyeranızda 250-ci oyununuz idi. Düşünürsünüz ki, futbolçularınız bu qələbəni sizə hədiyyə etdilər?

– Heç xəbərim yox idi. Sizdən eşidirəm. Sağolsunlar, yəqin elə futbolçularım mənə bu qələbəni hədiyyə etdilər. 

– Qarşılaşmanın ilk hissəsində bir qədər fasilə yarandı və bu müddətdə Darionu yanınıza çağırıb, nəyisə izah etdiniz. Nə dilində danışırdınız?

– Darioya başa saldım ki, imkan düşəndə qapıya zərbə vur. Həl halda “şut” sözünü başa düşürük də (gülür)

– 85-ci dəqiqədən sonra nə düşünürdünüz?

– Çox düşüncəli idim. Fikirləşdim ki, görəsən yenə axırda qol buraxacağıq? Şükürlər olsun ki, bu sindromu qırdıq.

– Murad Səttarlının adını iştirak ərizəsində niyə görmürük?

– Bildiyiniz kimi o, Antalyadakı təlim-məşq toplanışında ciddi zədə aldı. Formasını bərpa etməyə çalışır. Yaxın günlərdə onu meydanda görə bilərsiniz.

– Dario Frederiko tam olaraq öz oyununu tapıb?

– Xeyr, Dariodan razı deyiləm. Yəni, o tam oalraq mən istəyən futbolu oynamır. Baxmayaraq ki, texnikası yüksəkdi. Tək o deyil. “Kəpəz”də bir çox futbolçular var ki, hələ tam olaraq öz oyununu tapmayıb. Bunlar hamısı zamanla düzələcək.

– Şəhriyar Əliyevi sağ cinah müdafiəçisi mövqeyində buraxmışdınız…

– O futbola başlayarkən sağ cinah müdafiəçisi olub. Bu gün də Şəhriyarı həmin mövqedə sınamaq qərarına gəldim. Məncə pis alınmadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43