Ölkə futbolu

“Zirə” ilə “Sumqayıt”ın 13-cü dueli

“Zirə” Topaz Premyer Liqasının bu həftə keçiriləcək VI turunda “Sumqayıt”la qarşılaşacaq. Komandanın mövsümdəki üçüncü səfər oyunu sentyabrın 30-da baş tutacaq. Bu matç rəqiblər arasında 13-cü qarşılaşma kimi tarixə düşəcək. Premyer Liqa çərçivəsindəki bu oyunlar son üç mövsümə təsadüf edib.

“Qartallar” bu matçlarda üstünlüyə malikdir. Hesabında 6 qələbə olan qəsəbə təmsilçisi 3 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 15 top keçirən “Zirə” 10 qola üzülüb.

“Zirə” – “Sumqayıt” matçlarının ən yaxşı bombardiri Vüsal İsgəndərlidir. O, “Gənclik şəhəri” təmsilçisinin qapısından 3 top keçirib. Onun komanda yoldaşlarından Riçard Qadze və Sadio Tounkara, həmçinin sumqayıtlıların heyətində çıxış etmiş Mirabdulla Abbasov hərəyə 2 dəfə fərqlənib. Duellərdəki yeganə dublun müəllifi də Vüsaldır. Komandaların hərəsinin passivində bir avtoqol da var. Cari mövsümdən “Zirə”də çıxış edən Pərdis Fərcad-Azad rəqib qapısına yol tapsa, hər iki komandanın heyətində əks tərəfi məyus edən ilk oyunçu olacaq.
Onun kimi baş məşqçi Samir Abasov da sabiq komandasına qarşı duelə çıxacaq. Əvvəlki 12 matçdan 11-də “Sumqayıt”a məhz Abasov rəhbərlik edib.
Maraqlıdır ki, komandalar arasındakı son 5 görüşdə hər iki tərəf qol sevinci yaşayıb. “Zirə” isə 6 qarşılaşmadır meydanı qolsuz tərk etmir.
7-ci dəfə “Sumqayıt”ın qonağı olacaq “Zirə” səfərdə də üstünlüyə malikdir. Hesabında 2 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət olan qəsəbə klubu top fərqində öndədir – 6:5.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43