“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Höteborq” bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.
İdmanxeber.com-un İsveç mətbuatına istinadən məlumatına görə, mərkəz müdafiəçisi Tom Pettersson komandadan ayrılmaq fikrinə düşüb.
Bunu açıqlamasında 26 yaşlı oyunçunun meneceri Araş Bayat deyib. Agent buna səbəb kimi, İsveçin gənclər millisinin sabiq üzvünə son vaxtlar şans verilməməsini göstərib: “Futbolçu komandada 1 milyon dollar qazana bilər. Amma Petterssonu pul yox, oynamaq maraqlandırır. Son vaxtlar əsas heyətə düşə bilməməsi onu narahat edir. Bu səbəbdən də Tomun tezliklə “Höteborq”u tərk etməsi istisna deyil”.
Petterssona artıq ilk təklif də gəlib. İsveçin digər yüksək dəstə təmsilçisi “Dyurqarden” təcrübəli futbolçuya “elçi düşüb”. Klub rəsmisi Daniel Kristoffersson da yerli mətbuata açıqlamasında “Höteborq”un oyunçusu ilə danışıqlar apardıqlarını təsdiqləyib.
Qeyd edək ki, “Qarabağ” Avroliqanın pley-off mərhələsi çərçivəsində “Höteborq”la ilk oyununu avqustun 18-də İsveçdə keçirəcək.(Apasport)

