13 İyul 2026
Ölkə futbolu

“Yayda bəzi futbolçularımızı Avropa klublarında görə bilərik”

Azərbaycan futbolunda ən böyük problemlərdən biri də oyunçularımızın uzunmüddətli legioner həyatı yaşaya bilməməsidir. Yerli futbolçularımızın adı hər zaman müxtəlif klublara çəkilsə də, çoxu zaman bu iddialar öz təsdiqini tapmır. 

Premyer Liqanın sonlarına çatdığımız bu dövrdə artıq çempion və digər mükafatçılar aşağı-yuxarı bəllidir. Qarşıda isə bizi avrokubok oyunları ilə yanaşı, uzun yay transfer dönəmi gözləyir. Bu müddətdə diqqətlər yalnız klublarımızın heytinə cəlb etdiyi futbolçularla yanaşı, çempionatımızda fərq yaradan oyunçularımızın karyeralarını hansı ölkədə davam etdirəcəyidir. 

Nəzərə alaq ki, mövsümboyu bəzi isimlər daima mətbuatın gündəmində oldu və onların Avropanın müxtəlif komandalarının diqqət mərkəzində olduğu yazılırdı. Bunlara misal olaraq Premyer Liqamızın bombardiri Musa Qurbanlı, Ramil Şeydayev, Elvin Cəfərquliyev, Emin Mahmudov, Vüsal isgəndərli və başqalarını örnək göstərə bilərik.

Haqlarında xəbərlər yazılan yerli oyunçularımızın siyahısını uzatmaq da olar. Ancaq hazırkı məqamda onların barəsində çıxan xəbərlərin nə dərəcə doğru olduğu dəqiq deyil. Çünki hazırda adıçəkilən futbolçuların heç birinə rəsmi bir təklif olmadığı bildirilir.

Belə olan halda oyunçularımızın Avropa klublarına getmə şanslarının nə qədər olduğunu və ümumiyyətlə, hazırda çempionatda bu səviyyədə çıxış edən futbolçularımızın olub-olmaması barədə futbol eksperti, menecer Səbuhi Səfiyarlının fikirlərini öyrəndik. 

O, mövzu ilə bağlı idmanxeber.az saytına bunları dedi:

“Bu mövsüm futbolçularımız əvvəlki illərlə müqayisədə daha çox xarici klubların diqqətinə düşüblər. Öncələr də belə söz-söhbətlər olurdu, ancaq çox vaxt öz əksini tapmırdı. İndi isə oyunçularla ciddi maraqlanan komandalar var. Düzdür, əsasən “Qarabağ”ın futbolçularının adları çəkilir. Həm Avropada göstərdikləri nəticələrlə göz qabağındadırlar, həm də komandanın səviyyəsi başqadır. Futbolçular avrokubok görüşlərində o səviyyədə çıxış edə bilcəklərini göstəriblər deyə, onlara maraq olur. Həm də əksəriyyətinin yaşı imkan verir ki, klubların diqqətini cəlb etsinlər. Bu səbəbdən ola bilər ki, yayda hansısa azərbaycanlı futbolçunun xarici klubların birinə transferinin şahidi olaq.

Açığı, həmişə getmək istəyən çox olur, ancaq onlar adətən burada klub tapa bilməyənlərdir. Gedəndə də bizdən aşağı səviyyəli ölkələrə üz tuturlar. Bunun isə futbolçuya heç bir xeyri yoxdur. Oyunçular çalışıb özlərini Azərbaycanda ən yaxşı səviyyədə göstərməlidirlər ki, Avropada onlara maraq oyansın. Çünki bizim kimi liqalardan xarici klublar çox oyunçu götürmürlər. Buna isə bir çox səbəbi var.

Məsələn, uşaq futbol məktəblərimiz Avropada oynaya biləcək səviyyədə oyunçu yetişdirə bilmir. Heç öz klublarında belə çıxış edəcək futbolçu çıxmır məktəblərdən. Fikir verin, avrokubokların I, II təsnifat mərhələsində uduzub çıxan komandalarımıza belə oyunçu yetişdirməyi bacarmırıq. Klublarımızın heyətinı baxanda da bu aydın şəkildə görünür. Əksəriyyətində milliləşdirilmiş futbolçular yer alır. Buna görə də, hazırda bizim Avropanın ortabab komandasında oynaya biləcək çox oyunçumuz yoxdur. Bir tək “Qarabağ”da diqqət çəkən isimlər var, onlar da müəyyən bir mərhələyə gəlib çatdıqdan sonra olur”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43