29 Noyabr 2024
Ölkə futbolu

“Millidə yerli baş məşqçi çalışsa, dünya çempionatına gedəcəyik?”

Milli komandamız AVRO-2024 seçmə mərhələsinin qrup oyununda Belçikaya məğlub olsa da, yoldaşlıq görüşündə İordaniyanı məğlub etdi (2:1). Komandamız matçdan qalib ayrılsa da, oyun olaraq ümid vermədi.

Yığmamızın seçmə mərhələdəki çıxışı və baş məşqçi Canni De Byazinin qərarları barədə Azərbaycan millisinin sabiq futbolçusu Samir Musayevlə danışdıq:

– Millimizin Belçikaya oyunu barədə nə düşünürsünüz? 

Açığı, komandanın performansını bəyəndim. Görüşdə məğlub olsalar da, oyun xoşuma gəldi. Ancaq millidə yaxşı performans yox, nəticə qazanmaq lazımdır. Pis oynayıb qalib gəlmək daha yaxşı olardı.

– Ümumən yığmamızın qrupdakı çıxışını necə şərh edirsiniz? Cəmi bir xal qazanılıb…

Təbii ki, nəticə bizim üçün yaxşı deyil. Bu barədə ciddi düşünülməlidir. Belə baxanda, futbolçularımızın əksəriyyəti Avropada mübarizə aparır. Hamısının beynəlxalq oyun təcrübəsi var. Amma yenə də nəticə istədiyimiz kimi deyil. Buna səbəb kimi də bir çox amili göstərmək olar. Məsələn, uşaq futbolu və çempionatın səviyyəsi. Bunlar ümumən ölkə futbolunun inkişafına mənfi təsir göstərir. İrəli getmək üçün ilk öncə bunları düzəltmək lazımdır. 

– Millimizin hazırkı heyətini tarixin ən yaxşısı adlandıranlar var. Razısınız bununla?

Yığmanın keçmişdəki komandadan fərqi odur ki, futbolçuların beynəlxalq oyun təcrübəsi çoxdur. Millidə ölkə xaricində çıxış edən kifayyət qədər oyunçu var. Amma yenə də tarixin ən yaxşı heyəti deməzdim. Çünki millinin bundan da yaxşı nəticə qazanan vaxtları olub. 

– Ən çox müzakirə olunan məsələ: millidə yerli məşqçi olmalıdır, yoxsa əcnəbi?

– Bu ən çox verilən sualdır (gülür). Tutalım ki, milliyə yerli baş məşqçi təyin edildi. Nə olacaq? Millidə yerli mütəxəssis çalışsa, dünya çempionatına gedəcəyik? Bunun təminatını verən var? Kim deyə bilər ki, yerli məşqçi ilə ciddi uğurlar qazanılacaq? Heç kim bu suallara konkret cavab verə bilmir. Ona görə sırf bu məsələyə köklənmək olmaz. Problem nə məşqçidədir, nə də futbolçuda. Əsas yuxarıda qeyd etdiyim amillərdir. Uşaq futbolu düzəlməli və çempionatın səviyyəsi artmalıdır. Yalnız “Qarabağ”ın nəticə qazanması ilə məsələ düzəlmir. Belə baxanda, dünyada ən çox baş məşqçi dəyişən komanda bizik. İstər yerli, istər əcnəbi əsas nəticə qazanmaqdır. Bunun üçün isə təməl problemləri düzəltmək lazımdır. 

– Canni De Byazinin heyət seçimi də müzakirələrə səbəb olub. Məsələn, Amin Seydiyevin oynamayıb, Höccət Haqverdinin çıxış etməsi kimi. Sizcə, italiyalı qərarları özü müstəqil verir? 

Hər bir baş məşqçi heyət barədə yekun qərarı özü verir. Sonra da bunun məsluyyətini daşıyır. Əgər kimsə kənarda qalırsa, deməli, baş məşqçinin planlarına uyğun gəlmir. Bu o demək deyil ki, heç vaxt dəvət edilməyəcək. Hələ qarşıda çox oyunlar var. Ola bilsin ki, yeni adlar gördük millinin heyətində. Açığı, adını çəkdiyiniz futbolçuların milli üçün tam ideal formada olduğunu deyə bilmərəm. Onların çempionatdakı oyunlarını izləyirəm, hələ də o səviyyədə deyirlər. Klubda başqa cür çıxış edə bilərlər, amma yığma komandada oynamaq fərqlidir. Millidə ən yaxşılar oynamalıdır. 

– İordaniya qələbəsi də gələcək üçün ümid vermədi…

Bu qalibiyyətlə heç nə olmayacaq. Yoxlama oyunlarında nəticədən daha çox başqa şeylərə baxılır. Bu oyun gənc futbolçuların təcrübə qazanmasına kömək edə bilər.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43