Ölkə futbolu

“Allah rəhmət eləsin” – SORĞU

Bildiyimiz kimi AFFA-nın qərarı ilə milli komandanın baş məşqçisi Berti Foqtsla müqavilə 2 il müddətinə uzadıldı. 5 ildir ki, milli komandamıza rəhbərlik edən qoca almanın yenidən sükanında saxlanılması idman mediası tərəfindən birmənalı qarşılanmadı.

Sizi jurnalistlərin fikirləri ilə tanış edirik:

Saleh Arslan: "Allah rəhmət eləsin".

Natiq Muxtarlı: "Mən deyə bilmərəm AFFA rəhbərliyi hansı amilləri əsas götürüb Foqtsla müqaviləni uzadıblar. Amma mənə görə,  Berti Foqtsun qalması ən münasib addım idi. Yox, Foqtsla hansısa inkişafa nail olacağımızı düşünmürəm. Sadəcə Berti foqts göndərilsəydi, AFFA rəhbərliyi məsuliyyətdən yaxa qurtarmış olacaqdı. 100% ildə təkcə məvacib kimi almanlara 50 milyon dollar verilib. Bunun hesabını kimsə verməlidi axı. Üstəlik AFFA rəhbərliyi şilkə prezidentinə söz veriblər ki, milli 2016-cı ildə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək. Foqts göndərilsəydi bu vəd də arxa plana atılacaqdı, bütün günahları da almanın üzərinə yıxacaqdılar. İndi burcutmaq uçun heç bir bəhanə yoxdu. Buyur, bu Foqts, bu da xərclənən milyonlar. Bunun hesabını ver. Bu gün də olmasa, sabah AFFA rəhbərliyi bunlara görə cavab verməli olacaq mütləq. Foqtsun qalması AFFA rəhbərliyini məsuliyyət kürsüsünə yaxınlaşdırdı".

Elçin Cəlilov: "AFFA artıq vəziyyəti elə həddə çatdırıb ki, bir düz addım atsa, onu beş addım kimi təqdim eləməyim gəlir. Foqtsun saxlanmasını hansı tərəfə çevirsək, bu addımda düzlük görmək olmur. Çox bahalıdı. Foqts AFFA-nın çirkin bədənə geydirdiyi bahalı paltar kimi; üfunətin qarşısını almır ki. Ona görə də müqavilənin daha 2 il uzadılmasını futbol azarkeşinə, mediaya qarşı saymamazlıq hesab edirəm. Bu, özbaşınalıqdı. AFFA rəhbərliyi mətbuat konfransı edib, bu haqda ictimaiyyətə geniş izahat verməlidi".

Rüstəm Piriyev: "Mən əvvəlcədən Fotsun qalmasının əleyhinə olmuşam. Fikirləşirəm ki, o, artıq bizim futbola heç bir yenilik verə bilməz. Komanda ilə maksimum nəticə əldə eləyib, bundan sonra inkişaf eləmək, yeni mərhələyə çıxmaq üçün bizə başqa məşqçi lazımdır. Daha gənc, ambisiyalı, enerji və əsas odur ki, bizə hücum futbolu oynatmağı öyrədə biləcək mütəxəssisə ehtiyacımız var. Amma qərar artıq verildi və biz onlarla razılaşmalıyıq".

1) Foqtsun qarşısına nəhayət, Azərbaycanda çox vaxt keçirmək tələbi qoyulub.

2) Onunla Mahmud Qurbanov və Aslan Kərimov kimi gənc və potensialına inandığım məşqçilər işləyəcək ki, onlar xarakterlərinə görə liderdilər və komandada atmosferi düzəltməyə kömək edə bilərlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43