Dünya futbolu

Arda Turan “Barselona”dan ayrılacaq

Türkiyə millisinə qayıtmağa qərar verən futbolçu Arda Turan karyerasını qardaş ölkədə davam etdirmək niyyətindədir.

İdmanxeber.com-un məlumatına görə, İspaniyanın “Barselona” komandasının futbolçusu əvvəllər çıxış etdiyi “Qalatasaray” klubunun təklifini qəbul edib. Arda Turan ona ödəniləcək məbləğdə doğma komandası olan “Qalatasaray” üçün fədakarlıq etməyə hazır olduğunu bildirib. Lakin o, Türkiyə klubunun rəhbərliyinin “Barselona” ilə razılaşmasının vacibliyini deyib.

Məlumatda “Qalatasaray”ın İspaniya klubuna icarə məbləği ilə birlikdə 10-12 milyon avro təklif etməsinin gözlənildiyi vurğulanır.

Qeyd edək ki, “Barselona”nın baş məşqçi Ernesto Valverdenin Ardaya qarşı biganə münasibəti İspaniyada da pis qarşılanıb. Ötən mövsümün əvvəlində “Barselona”nın braziliyalı futbolçusu Neymar Olimpiya Oyunlarında iştirak etməsi səbəbindən İspaniya klubunun heyətində çıxış etməyib və bu müddətdə heyətdə yer alan Arda yaxşı oyun nümayiş etdirib. Hətta braziliyalı futbolçunun Fransanın “PSJ” komandasına transferindən sonra Ardaya İspaniya klubunun heyətində yer verilməməsi türkiyəli futbolçunun “Barselona”dan ayrılacağı ilə bağlı mülahizələrin dolaşmasına səbəb olub. A.Turanın avqustun 13-də “Barselona”nın “Real” ilə qarşılaşacağı İspaniya Superkubokunun finalında heyətə daxil edilməyəcəyi təqdirdə Katalon klubundan ayrılacağı qeyd edilir.

Xatırladaq ki, 2005-2011-ci illərdə Türkiyə Superliqa təmsilçisinin heyətində çıxış edən Arda Turan 190 matçda 44 qol vurub və 76 məhsuldar ötürmə verib. “Barselona”da isə 55 oyunda 15 dəfə fərqlənib və 11 ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43