Turnir cədvəlinin 5-cisi “Sumqayıt” 4 matçdır ki, qələbə üzünə həsrətdi. Bu azmış kimi, komanda qol belə vura bilmir. Hansı ki, avrokuboklara iddialı komandalardan biridi və ölkəmizi təmsil etmək üçün mümkün 4 vəsiqədən birini əldə eməyə çalışır. Lakin istək işdə reallaşmayınca nəticə göz önündə olur. Komandada qələbə ruhu, mübarizə keyfiyyəti yoxdu.
Yalnız yerli futbolçularla mübariə aparırmış kimi görüntü yaratmağa çalışan, lakin heyətində azı 5 gəlmə futbolçu olan “Sumqayıt”ın öyünməyə yeri də qalmayıb. Klubun baş məşçisi Ayxan Abbasov komandanı mövcud durumdan çıxartmağı faktiki bacarmır. Lakin Ayxan bəyin daha yaxşı bacardığı bir şey də var – aqressiya! Hansı ki, komandasında olmayan, qələbənin mühim amillərindən biri olan şey. O şey də komandada olmayınca indiki kimi turnir cədvəlinə aşağıdan yuxarı baxmalı olursan.
“Zirə” yenilgisinin ardından mətbuat konfransında Ayxan Abbasov təcrübəli idman jurnalisti, həmkarımız Elvin Əhədin normal verdiyi suala elə aqressivcəsinə cavab verdi ki, mövzu azacıq da uzansaydı, başqa məcrada da davam edə bilərdi… Bax, “Sumqayıt”lı futbolçuların ehtiyacı olduğu şey odur, Ayxan bəy. Paltardəyişmə otağında ilk hissədən sonra media mənsubuna qarşı göstərdiyiniz aqressiyanın çox yox, yarısını futbolçularınıza “aşılaya” bilsəydiniz, komanda xəritənin “dimdiyi”ndən xalla qayıdardı.
O heç ki, İran futbolçu bazarının daimi müştərisi olan Riad Rəfiyevin rəhbəri olduğu kollektivdə aqressiya yükünün bu qədər çox olması və yüksək dozanın fonunda enerjini ona heç bir halda xeyir gətirməyəcək tərəflərə qarşı istifadə etmək yalnız ziyan gətirə biləcək. Ki, hazırda da bu belədi.