28 Dekabr 2024
Müsahibə

“Bir anlıq özümü onların yerinə qoydum və belə bir hörmətsizliklə özümün üzləşdiyimi təsəvvür etdim” – MÜSAHİBƏ

Azərbaycan millisinin və “Rubin”klubunun üzvü Ruslan Abışovun müsahibəsi

– Seçmə mərhələnin  son iki oyununu, Şimali İralndiya və Rusiya görüşlərini necə dəyərləndirərdin?

– Hər şey birinci oyundan, yəni Şimali İrlandiyaya qarşı keçirəcəyimiz oyundan asılı idi. Bu görüşdə də yalnız qələbə haqqında fikirləşirdik. Matçdan qabaq da bilirdik ki, qələbə qazansaq, Rusiya qarşısına əlavə motivasiya ilə çıxacağıq, komandada əla ab-hava yaşanacaq. Şükür allaha ki, irlandları məğlubiyyətə uğratdıq. Rusiya ilə oyuna da yaxşı hazırlaşırdıq. Ancaq bildiyimiz kimi ruslar qrupun favoritidir və bizimlə oyunda ustalıq səviyyəsi özünü göstərdi. Bununla belə ayın 15-i müqəddəs qurban bayramımız idi və 1 xalla da olsa, biz azarkeşlərimizi sevindirməyi bacardıq.İralndiyaya qarşı matçın birinci hissəsində bir qədər yaxşı oynaya bilmədik lakin ikinci hissədə tam üstünlüyü ələ aldıq . Bu matçda da ustalıq səviyyəmizin kifayət qədər olmaması hesabın daha böyük olmasına mane oldu.

– Ümumilikdə, bu dəfəki seçmə mərhələni millimiz üçün qənaətbəxş hesab etmək olar?

– Bu dəfə itirdiyimiz xallar çox oldu və buna görə də təəssüfləndik. Lüksemburla hər iki oyunda qələbə qazana bilərdik. Şimali İrlandiyanı səfərdə məğlub etməyə yaxın idik, İsraildən də 3 ala bilərdik. Bu cür itirilmiş xalları nəzərə alanda ən azı 3-cü kimi seçmə mərhələni yekunlaşdırmaq mümkün olardı. Amma bu dəfəki seçmə mərhələ də belə baxanda uğurlu oldu. Çünki Azərbaycan futbol tarixində bu dəfə ən çox xalı toplaya bildik. İnanıram ki. bu bizim üçün bir təcrübə oldu və biz növbəti turnirlərdə daha iddialı yerlər üçün mübarizə aparacağıq.

– Son görüşdən qabaq Rusiya mətbuatının ən çox qabartdığı mövzü, qələbə qazanılacağı təqdirdə futbolçulara veriləcək 120 min dollarla bağlı idi. Doğrudan da, bu və ya buna oxşar bir rəqəm sizə AFFA tərəfindən vəd olunmuşdu?

– Açığı,  heç bir oyundan qabaq bizə veriləcək pul mükafatı barədə fikirləşmirik. Biz futbolçuyuq, işimizin adı meydana çıxıb qələbə qazanmaqdır. Digər tərəfdən də komanda qələbə qazananda futbolçuya çəkdiyi əziyyətə görə mükafat verilməsi yaxşı haldır. Ancaq bu mətbuat tərəfindən şişirdilmiş bir məbləğdir.

– Qazanılan son 4 xaldan sonra Berti Foqsun millidəki taleyini necə görürsən? Bu xallar onun müqaviləsini uzatmağa təkan verəcək?

– Son iki oyundan qabaq bu barədə doğrudan, da çox söz -söhbətlər gəzdi, Berti Foqtsun getməyi ilə bağlı. Ancaq istər komanda yoldaşlarım,istərsə də mən  artıq Foqtsla bir-birimizi yaxşı başa düşürük.O, Azərbaycan futbolunu yaxşı tamıyır.  Amma  bu məqamda tam olaraq söz sahibliyi rəhbərliyə aiddir. Onlar nə desələr, o da olacaq. Furbolçu kimi onunla işləmək xoşdur.

– Bəs,  son iki oyunda futbolçuların, xüsusi ilə də Rauf Əliyevin, Araz Abdullayevin, Mahir Şükürovun və Qara Qarayevin nümayiş etdirdikləri futbolu Berti Foqtsla yaxşı anlaşma ilə əlaqələndirək, ya onların öz klublarındakı hazırlıq səviyyələri ilə?

– Məncə, ən əsas milli ruhdur. Milli forma elə bir güc mənbəyidir ki, onu əyninə keçirdiyin zaman artıq bir məqsəd barəsində fikirləşirsən. Yerdə qalan digər məsələlər isə futbolçunun özündən asılıdır. Əgər bir futbolçu daim yaxşı məşq edirsə,öz üzərində çalışırsa, ondan yaxşı nəticə gözləməyə dəyər.

– “Rubin”də daim oynamamağına baxmayaraq, milli komanda ilə oyunlarda həmişə ən yaxşılardan olursan. Bunu necə izah edərsən?

– Mən “Rubin”də ustalıq səviyyəsi yüksək olan futbolçularla məşq edirəm. Bundan əlavə, bizim fiziki hazırlıq üzrə əla bir məşqçimiz var. Digər bir amil isə bayaq da dediyim kimi milli ruh məsələsi ilə bağlıdır.

– Rusiya görüşündən qabaq “ORT” kanalının müxbiri  oyunla bağlı və dünya çempionatında kimə azarkeşlik edəcəyin barəsində sual vermişdi. Cavabın müxbiri qanə etdi?

– Mən ona bildirdim ki, ilk növbədə Türkiyənin qrupdan çıxaraq pley-off oynamasını gözləyəcəm. Əgər türklər növbəti dəfə dünya çempionatına vəsiqə qazansalar,onlara azarkeşlik edəcəm. Bundan başqa qeyd etdim ki, Rusiyanın da Braziliyada uğurlu çıxış etməsini istəyirəm və Rusiyaya da azarkeşlik edəcəm. Çünki hazırda “Rubin”də oynayıram və mənim komanda yoldaşlarım millinin heyətində çıxış edirlər. Digər tərəfdən mənim orada çoxlu dostlarım var, buna görə də Rusiyanın çempionatda nəticə əldə etməyini istəyirəm.

-“Rubin”dəki komanda yoldaşın Aleksandr Ryazantsevlə mərc etdiyini az qala bütün Rusiya mətbuatı baş xəbərə çıxarmışdı. Bununla bağlı nə deyə bilərsən

– Bəli, biz Azərbaycan Rusiya matçı öncəsi Ryazantsevlə mərcə girmişdik. O, iddia edirdi ki, Rusiya bizi ən az 2 top fərqi ilə məğlub edəcək lakin mən dedim ki, Rusiya bu görüşdən maksimum 1 xal qazanacaq. Nəticədə qalib gəldim və ondan kifayət qədər dəyərli hədiyyə uddum.

– Bəs “Qəbələ”nin baş məşqçisi Yuri Syominin səni israrla öz komandasında görmək istəyi ilə bağlı nə fikirdəsən?

– Syomin kimi məşqçinin mənə diqqət yetirməsi məni çox xoşbəxt etdi. Çünki Yuri Syomin özünü sübut etmiş,adlı-sanlı mütəxəssisdir. Amma mənim “Rubin”də yarımçıq qalan çox işim var. Mənə olan etimadı orada doğrultmamış vətənə qayıtmaq fikrim yoxdur. Həm də legioner həyatı yaşamaq ən böyük arzumdur.

– Rusiya millisində oynayan əslən azərbaycanlı futbolçu Aleksandr Səmədova istər azarkeşlərin, istərsə də mətbuatın bu qədər yüklənməsini bir futbolçu kimi nə dərəcədə düzgün heab edirsən?

– Bilirsən, əgər mən də azarkeşlərin yerində olsam, o açıqlamalardan sonra bəlkə də  eyni reaksiyanı göstərərdim. Ancaq bir futbolçu kimi bunun tərəfdarı deyiləm. Ən azından ona görə ki, onun kürəyində Səmədov yazısı var. Bu da onun əslən azərbaycanlı olduğunu göstərir.Elə Rusiyada da onu hamı azərbaycanlı futbolçu kimi tanıyır. Həm də ki, o, qonaq idi burda və biz də azarkeş olaraq hardasa dəstək olmalı idik. Bundan başqa azarkeşlərimiz Rusiyanın himni səsələnən zaman fitə basdılar. Bu da heç yaxşı bir hal deyil. Biz ölkəmizə qonaq gələn komandaya,onun insanına , himninə hörmətlə yanaşmalıyıq . Hətta mənim komanda yoldaşlarım Rıjikov, Ryazantsev də həmin an çox pis oldular. Mən bir anlıq özümü onların yerinə qoydum və belə bir hörmətsizliklə özümün üzləşdiyimi təsəvvür etdim.

İqbal Aslanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43