Ölkə futbolu

“Bu cür rəqiblərlə oynaya bilmirik” – Samir Abasov

“Bu gün oyun haqda deyiləsi söz yoxdur. Rəqibi təbrik edirəm. “Beşiktaş”la matçdan sonra yorğun olmaqlarına baxmayaraq çox yaxşı oynadılar. Daha çox qol vura bilərdilər. “Sabah” necə yaxşı vəziyyətdə olduğunu göstərdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Sabah” oyunu sonrası deyib.

“Ya futbol oynamalısan, ya ürəyini qoymalısan. İkisi də yoxdursa, belə mənzərənin şahidi olacaqsan. Birinci qoldan sonra qapıçının səhvləri oldu. Bu il bundan çox əziyyət çəkirik. Əvvəlki oyundan sonra demişdim ki, öz komandamı yaxşı tanıyıram, gücümüzə bələdəm. Özümüzdən çox rəqiblərimizin oyunu çempionatda qalmağımıza kömək olacaq. Yenə bu ümidlə buradan gedirik. Növbəti rəqiblərimiz bundan da çətindir, çempionla oynayacağıq. Şanslarımız varmı? Bu, heç müzakirə mövzusu deyil. 

Reallığı qəbul etməliyik. Bu cür rəqiblərlə ümumiyyətlə oynaya bilmirik. Neçə dəfə belə oyunların şahidi olmuşuq. 70-ə yaxın qol buraxmışıq. Tək “Sabah” yox, “Şamaxı” da bizə 4 qol vurub. Müdafiədə problemlərimiz var. Bu cür oyunlarda sezilir. Biz çox maraqlı komandayıq. Elə olur ki, epizodları dəyərləndirə bilirik. Elə matçlar da olur ki, oyun nəzarətimiz altındadır, özümüz rəqibə hədiyyə edirik ki, gəl bizi ud. Bunun acısını çəkirik. Ümid edirik ki, çempionatda qalacağıq. “Zirə” ilə ev oyunumuz var. Bizim yaşadığımız bütün komandaların başına gələ bilər. Yuxarı pillələrdə olan komandalar da bu situasiyalardan keçib. İndi bizim növbəmizdir, biz bu dönəmdəyik. Səbr etməliyik. Çempionatda qalsaq, növbəti mövsümə köklü dəyişikliklərlə girməliyik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43