Azərbaycan Premyer Liqasında komanda sayının artırılması gündəmdədir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi növbəti mövsümdən çempionatda 14 komandanın iştirak etməsini arzulayır. Bununla bağlı İcraiyyə Komitəsinin növbəti toplanışında müzakirə aparılacaq.
Əgər APL-də klub sayının 14-ə çıxarılmasına qərar verilsə, elitaya yüksələcək komandaların adları da bəllidir. Bunlar “Şamaxı”, “Zaqatala” və “İmişli”dir.
Premyer Liqaya gətiriləcək 4-cü klub isə “Karvan” və ya MOİK ola bilər. İK üzvləri PL-də 14 komanda olacağı təqdirdə, bu iki komandadan birinin çempionatda çıxış etməsinə qərar verəcək.
Cari mövsümü böyük ehtimalla sonuncu bitirəcək “Qəbələ”nin isə Premyer Liqanı tərk etməyəcəyi bildirilir.