İdman

Çin klubuna keçəcək İnyestanın müqavilə şərtləri açıqlanıb

İspaniyanın “Barselona” klubunun futbolçusu Andres İnyestanın cari mövsüm başa çatdıqdan sonra Çin təmsilçisi “Çuntsin Lifan”a transferinin maliyyə tərəfi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, asiyalılar 34 yaşlı yarımmüdafiəçiyə 81 milyon avro müqabilində 3 illik müqavilə təklif edib. Bildirilir ki, klub İnyestaya məxsus zavoddan 6 milyon şüşə şərab almağı da öhdəsinə götürüb. Bu satışdan əldə olunacaq gəlir isə 36 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Andres İnyesta “Barselona”nın yetirməsidir. Yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində 2002-ci ildə debüt edib. O, klubu ilə 8 dəfə İspaniya çempionluğu və 6 dəfə ölkə kubokunu qazanıb, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi olub.

Hazırda ən bahalı müqavilə “Barselona”nın kapitanı Lionel Messiyə məxsusdur. O, illik 35 milyon avro qazanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43