Ölkə futbolu

“Kaş ki, həmin epizodu qol edə biləydim” – Emil Səfərov

U-21 millimizin futbolçusu Emil Səfərov İdmanxeber.az saytına müsahibə verib. Əsas yığmamızın da şərəfini qoruyan futbolçu Avropa çempionatı seçmə mərhələsi çərçivəsində qarşılaşdığımız Ukrayna və İngiltərə oyunları barədə danışıb. 

– İki oyunda qapımızdan 8 qol buraxdıq. Belə nəticə gözləyirdiniz?

– Açığı, rəqiblər çox güclü idi. Heyətlərində dünya səviyyəli oyunçular var. Bəhanə etmək niyyətində deyiləm. Amma reallıqları nəzərə almalıyıq. Biz əlimizdən gələni etdik ki, məğlub olmayaq. Oyunlardan xalla ayrılaq. Ancaq təəssüf ki, olmadı. Bəli, hesabların belə olması bizi də çox üzür. Bu qədər qol buraxmağı istəməzdik. Gözləmirdik də. Artıq olan olub. Qarşıdakı oyunlara baxacağıq.

– Sənin də dediyin kimi, İngiltərə və Ukrayna komandaları bizdən çox üstündür. Yəni bu komandalardan xal qazanmaq mümkünsüz idi?

– Xeyr, deməzdim mümkünsüz idi. İngiltərəylə oyunda ilk hissə pis təsir bağışlamadıq. 3-4 epizodumuz oldu. Bu cür rəqiblərə qarşı maksimum diqqətli olmaq, ələ düşən fürsətlərdən yararlanmaq lazımdı. Biz isə istifadə edə bilmədik. Əgər hesabı biz açsaydıq və ya tez bərabərləşdirsəydik, oyunun necə olacağını heç kim deyə bilməzdi. Bəlkə də meydandan xalla ayrıla bilərdik. Sadəcə, çox diqqətli olmaq lazım idi.

– Milli sonuncu yerdədi. Bu vəziyyətdən çıxacaq gücümüz var?

Bəli. Niyə yoxdur ki? Hələ oyunlar bitməyib. Qarşıdakı görüşlərdə xal və ya xallar qazana bilərik. O qədər zəif heyətimiz yoxdur. Yəni sonuncu pilləyə layiq komanda deyilik. Bu durumdan çıxacağıq. 

– U-21 millimizin heyəti həm də gələcəkdə əsas yığmaya namizəd oyunçular sayılır. Amma 1-2 nəfər xaric sanki heç kim o səviyyədə deyil…

– Razı deyiləm. Sadəcə, bizim uşaqlar davamlı oynamırlar. Milli elədir ki, orada stabillik önəmlidir. Əgər bütün oyunçular öz klublarında stabil olaraq çıxış etsə, yığmanın da nəticələrinə təsir edəcək. Heyətdə kifayət qədər istedadlı uşaqlar var. Yaxın gələcəkdə onlardan bəzilərini əsas millidə də görə bilərik.

– Uzun illər sonra meydanda Azərbaycansayağı künc zərbəsini yenidən gördük. Kimin fikri idi bu?

Bəli, cəhd etdik. Bu, köməkçi məşqçimiz Emin İmaməliyevin fikri idi. Məşqlərdə çox hazırlaşmışdıq. Pis alınmırdı. Amma heyif ki, oyunda istədiyimiz kimi olmadı. Son zərbəni dəqiq vura bilmədim. Müdafiəçi qarşısını kəsdi. Həmin epizoda o qədər məyus oldum ki, hələ də unuda bilmirəm. Əgər zərbə qolla nəticələnsəydi, hesab da başqa ola bilərdi. Kaş ki, həmin epizodu qol edə biləydim.

– Adın davamlı transfer xəbərlərində hallanır. Mövsüm sonu “Qəbələ”dən ayrılacağını demək olar?

“Qəbələ”nin futbolçusuyam. Bütün fikrim bu komandadı. Bəli, transfer xəbərlərini mən də oxuyuram. Açığı, təkliflər var. Ancaq yekun bir şey yoxdur. Mövsüm sonu bu barədə konkret qərarımı verəcəm. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43