Kateqoriyasız

Kiçik təsəlli

21-ci əsrdi. 20-ci əsrdən üzü bəri çox şey dəyişib. Elə Azərbaycanın futbol həyatında da. İndi pul var. İndiki futbolçular peraşkinin dadına uzaqbaşı evlərində anaları, həyat yoldaşları bişirəndə baxarlar. 20-ci əsrdəki «peraşki futbolu» söhbəti indi qarnıtox futbolçular üçün vahiməli nağıldan başqa bir şey deyil.

21-ci əsrdi və Azərbaycanın pulu var. Hə, pul var. Və o qədər çoxdu ki, hətta bizim milli komanda Uels yığmasına uduzanda AFFA rəhbərliyi məğlub futbolçulara pul paylamışdı. «Varlı» Azərbaycanın hələ də yarıac qismi inanmaq istəməmişdi buna. Amma yox, AFFA onda pul paylamışdı məğlub komandanın futbolçularına.

20-ci əsrdə millilərin istənilən uğursuzluğuna görə AFFA-nın ovaxtkı prezidenti Fuad Musayevi daş-qalaq edənlər 21-ci əsrdə 21 yaşlılardan ibarət millinin İsrail yığmasına 2:7 hesablı məğlubiyyətindən yana baş məşqçi Bernhard Lippertin xirtdəyindən yapışıblar. 20-ci əsrdə əsas milli Lixtenşteynə uduzurdu deyə Fuad Musayevi istefaya səsləyənlər indi Fələstinə uduzmağa görə Berti Foqtsun ata-anasını «yada salır».

Niyə?

İsgəndər Cavadov, Maşallah Əhmədov, Kazbek Tuayev, Ələkbər Məmmədov, sizədi sualım: niyə? Niyə Rövnəq Abdullayevin işinin öhdəsindən gəlmədiyini demirsiz? Məyər doğrudan gözləriniz kor, qulaqlarınız kardı ki, 21 yaşlılardan ibarət millinin hansı gündə olduğunu görmürsüz, İsrailə necə uduzduğunu eşitməmisiz? Kor və karsız ki, əsas millinin turnir cədvəlində cəmi 5 xal topladığını – özü də hamısını heç-heçə edərək, gücənərək – görmür, Ermənistan yığmasının pley-offa bir addım qaldığını eşitmirsiz? Yoxsa ölkə çempionatının 20-ci əsrin sonlarındakı çempionatlardan daha maraqsız, dadsız, duzsuz keçdiyini göstərmək üçün əlinizdən tutub sizi stadionlara dartmaq lazımdı? Berti Foqtsda, Bernhard Lippertdədi bütün günahlar? Rövnəq Abdullayev, onun AFFA-sı mələkdi?

Axı siz ürəyi Azərbaycan futbolu ilə döyünən veteranlarsız! Siz vicdanlısız! Hər şeydən önəmlisi, kişisiz! Kişi kimi deyin, Fuad Musayevin ac AFFA-sının idarə etdiyi ac futbolla ağzından neft qaytarana kimi pul yeyib doymayan Rövnəq Abdullayevin tox AFFA-sının idarə etdiyi harın futbol arasında bir fərq varmı? Nə dəyişib?

Ağzınıza, gözlərinizə, qulaqlarınıza kimi doldurulan pulları çıxarın, ikicə dəqiqə vaxtınızı ayırın, deyim nə dəyişib…

Sən – İsgəndər Cavadov, sən – Maşallah Əhmədov, sən – Kazbek Tuayev, sən – Ələkbər Məmmədov daha əvvəlki kimi çayxanalarda oturub, özünüz kimi veteranlarla laqqırtı vurub, bir manatlıq çaydan içə-içə Azərbaycan futbolunun problemlərindən danışmırsız. Siz indi restoranlarda oturursuz, ən bahalı yeməklərdən yeyib, arada da xarici səfərlərə çıxıb, kef çəkirsiz. Siz indi bir yerdə oturanda da Azərbaycan futbolunun problemlərindən danışmırsız. Siz indi öz problemlərinizdən danışırsız – uşağı əsgərlikdən saxlatdırmaq qayğılarından, bu yay Antalyaya gedə bilməməkdən, köhnə «Range Rover»i təzəsiylə dəyişmək istəyindən, təzə ofisdən, təzə villadan.

Sən – İsgəndər Cavadov, sən – Maşallah Əhmədov, sən – Kazbek Tuayev, sən – Ələkbər Məmmədov Fuad Musayevin vaxtında qəzetlərə müsahibə vermək üçün yalvarırdız, diktofon görən kimi, bunu danışmaq üçün həyatınızın son şansı bilib, üyüdüb-tökürdüz. Sən – Ələkbər Məmmədov, redaksiya telefonundan sənə zəng edib, hansısa məsələyə münasibətini öyrənmək istəyəndə saatlarla «Milan»a yoldaşlıq oyununda vurduğun o dörd qolu yada salıb, diqqətsizlikdən şikayət etdiyin günləri xatırlayırsanmı? Sənin o zəhrimara qalmamış dörd qol hekayətinə qulaq asmaq bizim redaksiyanın büdcəsinə xeyli təsir edirdi. Axı indi olduğu kimi onda da telefonlar su ilə işləmirdi…

Bəs indi? Hardasız, veteranlar? Niyə susmusuz? Niyə müsahibə vermək istəmirsiz?

Dəyişən sizsiz, sizin həyat səviyyəniz, yaşam tərzinizdi, ay müh… futbol veteranları. Yoxsa Azərbaycan futbolunda heç nə dəyişməyib ki. Yenə həmin rüsvayçı məğlubiyyətlər, yenə gücənə-gücənə qazanılan heç-heçələr, yenə turnir cədvəllərinin quyruğundan sallanmaq, arabir bir pillə yuxarı tullanmaq… Bunlar o vaxt da var idi, indi də var.

Bizdən sonrakılar üçün kiçik təsəlli: 22-ci əsrdə böyük ehtimalla bizdə də futbol olacaq. Nöşün ki, 20-ci əsri də, 21-ci əsri də görən bu veteranlar 22-ci əsrdə olmayacaqlar.

Rəşad Ergün


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43