Ölkə futbolu

Mustafa Dənizli: “Sürpriz nəticə olmaması üçün cavab oyununda var gücümüzlə oynayacağıq”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Araz Naxçıvan” doğma meydanda “Xəzər Lənkəran”la qarşılaşıb. Dramatik məcrada keçən oyun 1-1 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli görüşlə bağlı fikirlərini jurnalistlərlə bölüşüb: “Kubok oyunlarında hədəf fərqli olur. Səfərdə oynadığımız ilk oyuna görə nəticə yaxşı sayıla bilər. Rəqibimiz I Divizionun ən güclü komandasıdır, bir çox Premyer Liqa klubları ilə eyni gücdədir. Yaxşı oyun oldu, qol epizodları oldu. İlk hissədə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilsəydik başqa cür ola bilərdi. Hər halda yarımfinala vəsiqəni ev oyununda həll edəcəyimizə inanıram. Hakimlə bağlı heç nə demirəm. Hakimlər də səhv edə bilər. Epizodları çox yaxşı izləmədən nəsə demək düzgün deyil. Oyun qaydalarını yaxşı bilirəm, amma 20 ildir ki, hakimliklə bağlı heç nə danışmıram. Həmişə hakimlərə dəstək olmağa çalışmışam, həm lehimizə, həm də əleyhimizə səhvlər ola bilər. Hakim haqqında düşüncələr bizim üçün ikinci plandadır. Kubokda yolumuzu davam etdirəcəyik. Sürpriz nəticə olmaması üçün cavab oyununda var gücümüzlə oynayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43