Kateqoriyasız

“Neftçi”nin baş məşqçisi “Qarabağ”ı qısqandı: “Biz bununla razı deyilik” – MÜSAHİBƏ

"Neftçi" klubunun baş məşqçisi Arif Əsədov komandasının Antalya hazırlığından, Premyer Liqamızın növbəti turunda AZAL-la keçiriləcək oyundan və digər məsələlərdən danışıb.

İdmanxeber.com Əsədovun qol.az saytına müsahibəsini təqdim edir: 

– Əvvəlcə "Neftçi"nin Anlayadakı təlim-məşq toplanışı haqda danışaq. Hazırlıqdan razı qaldınızmı?

– İki həftə ərzində Antalyada hazırlıq keçdik. Əsasən fiziki çalışmalara üstünlük verdik. Yoldaşlıq oyunlarında isə bütün futbolçularımızı yoxladıq. Hazırlığımız yüksək səviyyədə idi. Demək olar ki, çempionata hazırıq.

– Bir neçə yoldaşlıq oyunu keçirdiniz. Futbolçuların çıxışı sizi qane etdi?

– İlk üç oyunda komanda yorğun idi. Yəni həmin dövrdə ağır fiziki məşqlər keçirdik. Bu matçlarda ikinci heyəti müəyyənləşdirməyə çalışırdıq. Buna görə də hər bir futbolçuya şans verdim. Son iki oyunda isə artıq çempionatda çıxış edəcək heyəti müəyyənləşdirdik. Sınaq qarşılaşmalarında nəticə önəmli deyil. Sevindirici haldır ki, bu oyunlarda özlərini yaxşı tərəfdən göstərən gənc futbolçularımız oldu.

– Yeni transferlər özlərini necə göstərdi?

– Rəhman Hacıyev müəyyən səbəbdən toplanışda iştirak edə bilmədi. Ancaq Rauf Əliyev və Aqil Məmmədov bizimlə oldu. Hər ikisi özünü yaxşı tərəfdən göstərdi. Demək olar ki, komandaya 80 faiz uyğunlaşıblar. Onlardan razı qaldım.

– Rəhman Hacıyevin hazırlıq durumu necədi?

– Rəhmana xüsusi tapşırıq vermişdik ki, Bakıda məşqlərini davam etdirsin. Artıq dünəndən komandaya qoşulub. Düzdür, oyun təcrübəsi azdır. Qarşıdakı bir neçə görüşdə o,  əvəzedici heyətdə meydana çıxacaq. Daha sonra isə əsas komandada oynamaq şans əldə edəcək.

– "Neftçi" mövsümün ilk yarısında legioner limiti ilə bağlı çətinlik çəkdi. Sizcə, üç yerli futbolçunun transferindən sonra bu problem həllini tapacaq?

– Bəli, həmişə yerli futbolçu qıtlığından əziyyət çəkdiyimizi deyirdim. Çempionatın ikinci dövrəsinin sonlarında bu çətinlik bizdə daha çox biruzə verdi. İtirdiyimiz xallarda limitlə bağlı problemlər rol oynadı. Buna görə də ancaq yerli futbolçu transfer etdik. Düşünürəm ki, onlardan istədiyimiz kimi istifadə edəcəyik.

– Bir çox klublarımız  legioner limitindən narazıdır. Mümkündür ki, mövsümün sonunda limit məsələsinə yenidən baxılsın. Siz legionerlərin sayının artırılmasını istərdiniz?

– Əksinə, mən yerli futbolçuların daha çox oynamasının tərəfdarıyam. Düzdür, ola bilsin ki, hazırkı limitlə çempionatımızın səviyyəsi ürəkaçan deyil. Ancaq gəlin, milli komandamıza nəzər salaq. Neçə illərdir ki, klublarımızda legionerlərə üstünlük verirdik. Sonda isə milli komandamıza futbolçu tapa bilmirik. Düzdür, klub səviyyəsində uğurlarımız oldu. Ancaq təsəvvür edin ki, bu gün Azərbaycan millisində əsl sol cinah müdafiəçisi yoxdur. Bunu düşünmək lazımdır. Klublarmızda hər mövqe üçün oyunçular yetişməlidir. Hücumçu sarıdan millimiz çox əziyyət çəkir. Azərbaycanda Rauf Əliyevdən başqa hücumçu yoxdur. Klublarımız legioner hücumçularla çıxış edir və nəticə qazanır. Ancaq sonda millimiz bundan əziyyət çəkir.

– Yəni çempionatımızın səviyyəsi aşağı düşsə də olar?

– Azərbaycan futbolunun siması milli komandamızdır. Hər birimiz ilk növbədə millimizi düşünməliyik. Bu baxımdan futbolumuza xidmət etmək üçün yerli futbolçuların səviyyəsini qaldırmalıyıq.

– AZAL-la oyuna hazırlıq necə gedir?

– Artıq dünəndən  bu oyunun hazırlığına başlamışıq. Gündə bir dəfə olmaqla məşqlərimiz davam edir. Komandada əhval-ruhiyə çox yaxşıdır. Hamı həvəslə oyunu gözləyir.

– Çempionluq uğrunda əsas rəqiblərinizdən olan "Qarabağ"la "Neftçi" arasında 8 xal fərq var. Sizcə, bu fərq çox deyil ki?

– Nəzərə alsaq ki, bizim ehtiyatda bir oyunumuz da var, 8 xal elə də çox deyil. Düzdür, "Qarabağ" son dövrlər göstərdiyi oyun ilə çoxlarında çempionluğa ən real namizəd olması təəssüratını yaradıb. Ancaq biz "Neftçi" olaraq bununla barışmırıq. Hər zaman hədəfimiz çempionluq olub. İndi də belədir. Qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmaqla çempionluq yarışımızı davam etdirəcəyik. 
Qeyd edim ki, bizim əsas məqsədimiz iddiamızla yanaşı gənc futbolçuları inkişaf etdirməkdir. Belə olanda klub da irəli gedir, milli komanda da.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43