İdman

Növbəti təxribat və ya tarix təkrarlanır…?

Açığı gözləmirdim. Nəinki mən, çoxları “Fiorentina”nın PAOK-a məğlubiyyətinə inana bilmir. Florensiya təmsilçisinin Yunanıstan klubu ilə görüşdə pley-offa vəsiqəni sona bir tur qalmış rəsmiləşdirəcəyini düşünürdü. Bu, həm də bizə sərf edəcəkdi. Axı o zaman İtaliya klubu uzaq Bakı səfərində əsas heyətin bir sıra üzvlərinə istirahət verərək ən azı fevrala kimi bütün diqqətini A seriyasına yönəldəcəkdi. Lakin florensiyalıların portuqaliyalı baş məşqçisi Paulu Souza gümanlarımızın həqiqəti əks etdirmədiyini göstərdi. O, bəzi oyunçularının indidən istirahətə ehtiyacı olduğunu düşündüyündən əsas qapıçı Çiprian Tetereşanu, Borxa Valero, Nikola Kaliniç və Yosip İliçiç kimi aparıcı fiqurlara PAOK-la oyunda start heyətində şans verməmişdi. İliçiçin ikinci hissədə meydana çıxması da nəyisə dəyişməyə kifayət etmirdi. İtaliya klubunun qapısında gördüyü üç qol isə ayrı söhbətin mövzusudur. Mərkəz müdafiəçilərinin rəqib üçün açıq dəhliz yaratmaları, bir-birindən sadə qollar buraxılması, bir sarı vərəqə belə almaması komandanın oyuna nə dərəcədə köklənməsinin göstəricisi kimi qəbul etmək olar. Bu oyundan çox danışmaq olar, amma Paulu Souzanın daha çox oyundan sonra fikirləri bizə daha maraqlıdır: “Bu çox qəribə matç idi. Yəqin ki, bəxtimizdən şikayətlənməliyik. Son matça çox yaxşı hazırlaşıb, pley-offa vəsiqəni təmin etməliyik”

Mənə görə, bütün bunlar “Qarabağ”ın qrupdan çıxmaması üçündür. Təkcə iki il əvvəl Milan “İnter”i ilə oyunda “Qarabağ”ın sayılmayan qolunu xatırlasaq, kifayət edər. Əlbəttə, Ağdam klubunun indi ittiham olunası cəhətləri “Fiorentina”nın PAOK-la oyunundan daha əhəmiyyətlidir. “Slovan”la matçda “Qarabağ” həmin bu “Fiorentina” ilə görüşdən də zəif təsir bağışlayırsa, o zaman taleyimizin yad əllərdə olmasından qaçmaq çox çətindir. Düzdür, indi “Qarabağ”ın hər şey öz əlindədir. Yetər ki, dekabrın 8-də mərkəzi arenada növbəti hakim biabırçılığı olmasın.

“Qarabağ” adının Avropada tez-tez çəkilməsi heç də erməni lobbisinin ürəyincə deyil. Bu mənada “Mançester Yunayted”in erməni futbolçusu Henrik Mxitaryanın bacısı Monikanın UEFA-da çalışması faktını yada salmaq yerinə düşər.

Nə qədər idman və siyasət ayrıdır desələr də, idmanın siyasət vasitəsi olması hər kəsə məlumdur. Siyasi maraqlaq olmasaydı, çətin ki, iki il öncə Rusiya və Ukrayna arasında münasibətlər gərginləşən zaman "Dnepr" finala kimi irəliləyərdi.

Təki fikrimdə yanılım, amma əminəm ki, “Fiorentina” Bakıya ən güclü heyəti gətirəcək və qələbə qazanmaq üçün bu dəfə meydanda var gücünü qoyacaq.

Tarix təkrarlanır. Yenə dekabr, yenə Tofiq Bəhramov adına Respublika stadionu, yenə İtaliya təmsilçisi…

Kənan Hakimov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43