28 Dekabr 2024
Ölkə futbolu

Ölümdən öncəki söhbət: “Əlcək mənimdi, amma əl mənim olmayacaq”

“Elə bilirsən bu halımdan özümün xoşum gəlir” – görüşəndə salamdan öncə bu sözlərlə başladı. Bilirdi ki, ona “niyə belə oldu” sualını verəcəm.

Odur ki, hər şeyi özü danışmağa başladı və bir şərt kəsdi: “Çalış çox dərinə getmə. Onsuz da xoşlamadığım suala cavab verməyəcəm”. Razılaşdım, razılaşmaq məcburiyyətində idim. Elxan Babayev sıravi bir futbol azarkeşi kimi hər zaman sevdiyim biri olub. Burda məsələ mənim naxçıvanlı olmağımda deyil, sadəcə jurnalist kimi fəaliyyət göstərdiyim dövrdə bütün veteranlar Naxçıvan deyən kimi Elxanın vəziyyətini soruşurdular. Onlar da onun hansı durumda olduğundan xəbərdar idilər, lakin etiraf edək ki, soruşmaqla yanaşı ona yardımcı olmağı belə ağıllarının uclarından keçirməyiblər.

Naxçıvanın ilk SSRİ idman ustası, SSRİ çempionu, “Araz”, “Kəpəz” və “Neftçi” kimi komandalarının qapısını qorumuş birinə  belə münasibət təbii ki, yaxşı hal deyildi. Dövrünün yeganə qapıçısı idi ki, topu əli ilə 80 metr atmağı bacarırdı. Elə söhbətimizə ona qarşı münasibətdən başladıq: “İndi bizim kimi futbol oynamış insanlara hörmət etmirlər, heç tanımırılar da. Yolda görəndə yalnız bizim yaşda olan insanlar hal-əhval tuturlar. Bizlər ölüb gedəcəyik, ancaq adımız hər zaman Naxçıvan futbolu üçün ölməz qalacaq. Çünki yerli uşaqlar “Araz” üçün çox şey edib. Bura canımızı qoymuşuq, oyunlar olub, döyülmüşük, söyülmüşük, lakin komanda naminə hər şey etmişik. Münasibət özüm yaratmaq istəmirəm, boş-boş suallar verirlər. Guya bu halımdan özümün xoşum gəlir?”.

“Araz”dan söz düşmüşkən, Elxan Babayevin oynadığı dövrdə komandada Böyükağa Hacıyev də top qovub. Və deyilənə görə komandanın iki “avtoriteti”, söz sahibi olub ki, bunların da “Zəif”lə Elxan olduğu deyilir.

Babayev sözümü yarımçıq kəsir: “Mən olan yerdə heç kim heç nə deyə bilməzdi (gülür). O zaman komandada oynayan futbolçulardan da soruşun: “Zəif”, yoxsa Elxan? Hamısı Elxan deyəcək. Çünki Elxan özünün yox, digərlərinin haqqını tələb edirdi. Bir dəfə səfər oyunlarının birində naxçıvanlı uşaqlar baş məşqçinin yanına girdi. O hamımıza dedi ki, içinizdən biri sizin haqqınızda heç də yaxşı sözlər demir. Hamı bir-birinin üzünə baxdı, həmin adamın kim olduğunu bildik, amma üzünə vurmadıq.

Çünki biz naxçıvanlıyıq, ətimizi yesək də, sümüyümüzü kiminsə qabağına atmarıq. 3-4 gün öncə Cıbılını (Canpolad Həsənov – C.M.) gördüm, uzaqdan, deyəsən o da məni gördü. Amma görməməzliyə vurdu. Çünki mənim bu halım onların da xoşuna gəlmir. Mən həmin Elxan olmuşam ki, hamısına köməklik etmişəm. “Zəif”ə gəlincə, o elə mənim yanımda “zəif” olub da, nə deyim onun haqda? Bir dəfə yenicə toyu olmuşdu. Toyun səhəri günü isə biz səfərə çıxacaqdıq. Bu hadisənin arxasını Böyükağanın özündən soruşun, o danışacaq. Danışmasa, gələrsiz, mən danışaram”.

Elxan Babayev Naxçıvan futbolu tarixində yetişən ən böyük qapıçıdır. Bu danılmaz faktdır. Bəs onun özü yeni formalaşan “Araz-Naxçıvan” barədə nə düşünürdü: “Komandanın oyunlarına baxmamışam, baxmaq da fikrim yoxdur. Çünki məni o zaman futboldan iyrəndiriblər. Ona görə bu haqda danımasam daha yaxşı olar. Bizlər adımızı üçün oynamışıq bu komandada, Naxçıvan naminə oynamışıq. Səfər oyunlarında bizləri söyürdülər, döyürdülər, heç nə demirdik, lakin Naxçıvan barədə nəsə deyəndə dalaşırdıq. Niyə? Çüki bu torpaq üçün hamımız bir olmalıyıq. O zamanlar komandada elələri var idi ki, yalnız pula görə, öz mənafeyinə görə oynayırdı. Özləri də bilir kimləri deyirəm. Bu əlləri görürsən? Bu əllər hər zaman Naxçıvan futbolu üçün çalışıb”.

Elxan Babayevdən Naxçıvan futbolu üçün çalışan əllərindən çıxan əlcəklərin qalıb-qalmadığını soruşduqda “evdə olmalıdı, birini sənə verərəm. Ancaq sən o əlcəkləri geyinməyəcəksən, kiməsə verəcəksən. Versən də həmin adama de ki, əlcək Elxanın ola bilər, amma içindəki əl  (əlini göstərir)  bu əl olmayacaq” dedi. Və daha danışmayacağını bildirdi.

Dediyinə əməl etdi. “Kəpəz”də oyandığı vaxt bir dəfə geyindiyi əlcəyi iki gün sonra mənə verdi və bildirir ki, bu əlcəyi sadəcə bir oyunda geyinib. Onu da “Kəpəz” Naxçıvanda “Araz”a qarşı oynayanda əlinə taxıb. Həmin görüşün son dəqiqələrində qol buraxdığına görə əlcəkləri çıxarıb və bir daha geyinməyəcəyinə söz verib. Elə Babayevdən bu əlcəklərin üzərinə nəsə yazmağı xahiş etdim. Yazdığı son sözlər: “Əlcək mənimdi, Elxanın. Amma əl mənim olmayacaq”.

Naxçıvan futbolu böyük qapıçısını, insanını itirdi. Bundan sonra bu torpaq bəlkə Elxandan da istedadlı qapıçılar yetişdirəcək, lakin onlar Elxan kimi tarixə düşəcəklər? Çətin olacaq…

P.S. Şəklini çəkməyə icazə vermədi, daha doğrusu, çəkməməyimi xahiş etdi.  Dedi ki, “Zəif”dən ya da İbrahimdən (Rzayev) alım.

Ceyhun MƏMMƏDOV

arazpfc.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43