Ölkə futbolu

“Orada ciddi qayda pozuntusu yox idi, heç rəqib futbolçular da etiraz etmədi” – “Qəbələ”nin hücumçusu

“Kəpəz”lə oyunun ağır keçəcəyini bilirdik. İlin ilk görüşü və Gəncə səfəri həmişə çətin olur. İlk hissədə gözləmədiyimiz halda qapımızda iki qol gördük. Hər ikisi də penaltidən. İkinci hissə isə toparlana bildik”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin furbolçusu Ülvi İsgəndərov “Kəpəz” oyunu barədə danışarkən deyib. O, stadionun ot örtüyünün iki komandanın da çıxışına mənfi təsir göstərdiyini bildirib:

“Meydançanın durumu çox pis idi. Oyundan əvvəlki məşqimizdə adi vəziyyətdə iki futbolçumuz zədələndi. İki komanda üçün də burada oynamaq çox ağırdır”.

İsgəndərov “qırmızı-qaralar”ın qapısına təyin edilən penaltiləri belə şərh edib:

“İlk penaltini verməmək olardı. Orada elə də ciddi qayda pozuntusu yox idi. Heç rəqib futbolçular da etiraz etmədi. Həmin epizodda  bilərəkdən edilmiş sərt müdaxilə yox idi”.

“Qəbələ”li futbolçu davamlı oynamaq istədiyini və komandanın hər iki cəbhədə də mübarizə aparacağını bildirib:

“Yaxşı heyətimiz var. Kubok və ya çempionat görüşü bizim üçün fərq etmir. İkisində də oynamağa gücümüz var. Əsas heyətə düşə bilməməyim məni çox narahat edir. Futbolçu oynadıqca inkişaf etməlidir. Mənim işim qol vurmaqdı, oyuna daxil olanda da ancaq bu barədə düşünürəm”.

O, karyerasını ölkə xaricində davam etdirmək istədiyini açıqlayıb:

“Açığı, təkliflər olur. Ancaq hazırda heç kim getmək barədə düşünmür. “Qəbələ” ilə mövsümün sonuna qədər müqaviləm var. Ondan sonra nə olacağını zaman göstərək”.

Həsən Quluzadə 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43