Sabah ölkə kubokunun 1/8 final mərhələsində “Bakı” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq. Oyunöncəsi son məşqini keçirən paytaxt klubunun baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:
“Bu qarşılaşmanın önəmi böyükdü. Təbii, biz də ölkə kubokunda mübarizəni davam etdirmək və növbəti mərhələyə yüksəlmək istəyirik. “Sumqayıt”ı yaxşı tanıyıram deyə, matçın çətin keçəcəyini indidən düşünürəm. Rəqib komandada müdafiə xəttinə xüsusi fikir verirlər. Necə var, elə də davam edəcəyik. Sadəcə, özümüzə bəxt istəyirəm. Bundan artıq mənə heç nə lazım deyil. “İnter”lə son oyundan sonra paltardəyişmə otağında vəziyyət normaldı. Futbolçular səhvlərini bilir və onları aradan qaldırmağa çalışırlar. Özünüz də gördüz ki, premyer-liqada “Xəzər Lənkəran” və “İnter”ə qarşı görüşlərdə hər iki rəqibin qol imkanları olmadı. Yalnız “İnter” səhvimizdən yararlanıb qol vurdu. Bu, o deməkdi ki, bizim pis olmağımıza əsas yoxdu. Üstəlik, son qarşılaşmada qol vursaq da, baş hakim bunu hesaba almadı. Amma futbolun elə xüsusiyyəti var ki, əvvəl haqsız yerə itirdiyini sonra bərpa edirsən”.