27 Dekabr 2024
Ölkə futbolu

“Qarabağ” xaric, bütün komandalara qarşı başa-baş oynaya bilərik”

“Qəbələ” zəif rəqib deyildi. Oyun heç də asan keçmədi. İkinci hissə bizim üçün daha çətin idi. Amma vacib olan qələbəni qazana bildik. Bu gün “Qəbələ”nin durumu yaxşı deyil. Mən də bu klubun yetirməsiyəm. Açığı, onları belə vəziyyətdə görmək üzücüdür. Çünki “Qəbələ” Futbol Akademiyası Azərbaycan futboluna çox oyunçu verib. Ümid edirəm ki, qarşıdakı dönəmdə bu durumdan çıxacaqlar”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un futbolçusu Fərid Nəbiyev “Qəbələ” oyunu (2:1) barədə danışarkən deyib. O, daha sonra start heyətdə meydana çıxmaması barədə söz açıb:

Görüşə ehtiyatda başlamağım sırf baş məşqçi qərarıdır. “Kəpəz” oyunundan əvvəl zədəm olmuşdu. Yavaş-yavaş bərpa olmuşam, tam hazıram. Açığı, ehtiyatda qaldığıma görə çox danışmaq istəmirəm. Bu, baş məşqçinin bildiyi işdir. Bu barədə Ayxan Abbasovla heç bir danışığm olmayıb.

Hazırda mən də, komanda da bütün diqqətimizi oyunlara vermişik. Görüşlərdən yaxşı nəticə qazanmaq istəyirik. Bəzən bir xal da önəmlidir. “Qarabağ” xaric, bütün komandalara qarşı başa-baş oynaya bilərik. Yuxarı pillələr üçün mübarizə aparırıq. Nəticə qazanıb avrokuboklara çıxmaq imkanımız var”.

24 yaşlı futbolçu yaxın gələcəkdə karyerasını ölkə xaricində davam etdirib-etdirməyəcəyinə də toxunub: 

“Gənc vaxtlarımda ölkə xaricində oynamışam. Ancaq hazırda burada forma geyinməyim daha məqsədə uyğundur. Mənə təklif olub-olmadığı barədə menecerimlə danışmamışam. Ancaq uyğun təklif olsa, mütləq dəyərləndirəcəm. “Turan Tovuz”la yaya qədər müqaviləm var. Hələlik bu klub barədə düşünürəm”.

Nəbiyev son vaxtlarda Azərbaycan futbolunda mütəxəssislərin müzakirə etdiyi legioner limiti məsələsinə də münasibət bildirib. Yarımmüdafiəçi legioner limitinin tamamən qaldırılmasını belə azərbaycanlı futbolçuların oynamasına əngəl kimi görməyib:

“Məncə, ilk öncə komanda sayını artırmalıyıq. Çünki klub çox olanda azarkeş də olur,  oyunlar daha həyəcanlı keçir. Boş tribunalar önündə çıxış etmək maraqlı deyil. Tovuzda bu azarkeşləri görəndə meydana ikiqat motivasiya ilə çıxırsan. Legioner məsələsinə gəlincə, oynaya bilən limit olsa da, olmasa da meydana olacaq. Hər şey futbolçunun özündən asılıdır. Legioner limiti tamamən götürülsə də, yerli futboçuların oynamasına mane deyil. Əksinə futbolçular arasında rəqabəti artıracaq”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43