İdman

Qurban Qurbanov: “Elvin Yunuszadəni bağışlamamışam”

 

Avropa Liqasının qrup mərhələsində çıxış edən Ağdam klubu növbəti oyununu sabah öz meydanında PAOK-a qarşı keçirəcək.

İdmanxeber.com xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirdiyi mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb: “Yaxşı nəticə əldə etmək üçün ən doğrusunu etməyə çalışmalıyıq. Komandamız oyuna hazırdır. Düzdür, bəzi itkilərimiz var. Buna rəğmən, hazırıq. Hər bir oyunçu ilə ətraflı söhbətimiz olub. Rəqibi sabahkı matça qədər yenə də təhlil edəcəyik. PAOK-un 4 xalı var. Çalışacağıq ki, sabah yaxşı oynayaq”.

 

– PAOK son vaxtlar səfərdə keçirdiyi 6 oyunun heç birində uduzmayıb. “Qarabağ” nəyin sayəsində rəqibə yerini göstərə bilər?

– Məğlubedilməz komanda yoxdur. Hər komandanın pik vaxtı olur. Görürsən ki, müəyyən müddət uğurlu nəticə əldə edir. Bunu nəzərə almışıq. Rəqib nə qədər ciddi olsa da, bu görüşdə qalibiyyət PAOK-la müqayisədə bizə daha çox lazımdır. Hər bir varianta əl atacağıq ki, ilk növbədə, rəqibin üstün tərəflərinin qarşısını alaq. Bundan sonra öz oyunumuzu göstərməyə və qol vurmağa çalışacağıq. PAOK-a qalib gəlmək üçün bütün vasitələrdən istifadə etməliyik.

 

– Vaxtilə Azərbaycanda çıxış edən Fakundo Pereyranın indi PAOK-da olması bizim ziyanımızadı?

– O, məşqçiyə hər hansı məlumatı ötürə bilər. İndi hər bir rəqib haqda istədiyin məlumatı toplaya bilirsən. PAOK-un məşqçisi bizim “Slovan”la oyunumuza canlı baxıb. İldən-ilə komandada dəyişikliklər olur. Yeni məlumatlar hər məşqçinin xeyrinədi.

 

– Rəşad Sadıqovun son durumu nə yerdədi?

– Milli komandadan zədəli qayıtmışdı. Təkcə dünən komanda ilə məşq edib. Dünənə kimi fərdi məşq edirdi. Amma komandada olan itkilərə görə Rəşadın oynamaq ehtimalı çoxdu. Sabahkı matça tam hazır deyil, lakin ola bilsin ki, risk edim, onu meydana buraxıb. Həkimlərlə və Rəşadın özü ilə yenə danışacağam. Hələ ki, qəti qərar verməmişəm. Amma risk etmək ehtimalım çoxdu.

 

– Oyuna hələ ki, cəmi 7 min bilet satılıb. Azarkeşlər niyə belə münasibət göstərirlər?

– Mən azarkeşlərdən həmişə razı qalmışam. Ola bilər, stadiona az adam gəlsin. Amma bunu normal hal sayıram. Həmişə istədiyimiz kimi olmur. Çalışacağıq ki, bütün azarkeşlərimizi stadiona geri qaytaraq. Bunu bacaracağımıza inanıram. Sabaha kimi azarkeşimizin sayı çoxalacaq.

 

– Sabahkı matçda xüsusi ev tapşırıqlarınız olacaqmı?

– Olacaq. Hamısını açıb demək istəmirəm. Rəqib, həqiqətən də, ciddi komandadır. Ümumiyyətlə, yunanlar xarakter göstərən millətdilər. Biz də onlara qarşı öz xarakterimizi göstərməliyik. Ola bilsin ki, sabah meydanda gözəl oyundan çox mübarizə olsun.

 

– Stadionun durumu nə yerdədir?

– Yüz faiz hazır deyil. Əslində, biz mərkəzi arenada ayın sonundan oyunlar keçirməli idik. İstəyirdik ki, dünən orda məşq keçək. Amma hava şəraitinə görə orda məşq etmədik. Bu gün də yalnız rəqib mərkəzi arenada məşq keçəcək. Əgər yağışlı hava olsa, meydanın durumu ilə əlaqədar problemlə üzləşə bilərik.

 

– Sabah meydana 2 hücumçu ilə çıxa bilərsinizmi?

– Sistemdən sistemə fərq var. Biz daha çox çalışırıq ki, öz sistemimizdən kənara çıxmayaq. Hücumçuların sayını artırmaq oyunun gedişində olur. Bəzən müdafiəçi və ya yarımmüdafiəçinin əvəzinə meydana hücumçu buraxırıq. Oyunun gedişatından çox şey asılıdır.

 

– Sabah “Qarabağ”da Maksim Medvedevin dediyi kimi, döyüşkən ruh görəcəyikmi?

– Mən inanmıram ki, bizim komandada döyüşkən ruhu olmayan futbolçu var. Biz onlarla həmişə söhbət edirik. Futbolçuda idman xarakteri olmasa, nəticə vermək çox çətindir. Sadəcə, millidən qayıdan futbolçular deyil, digərləri də inamlı olmalıdılar. Bu cür oyunlar keçirəndə Avropa təcrübən bir qədər də artır. Bu mənada, yığma üzvləri daha şanslıdırlar.

 

– Elvin Yunuszadəni bağışlamısınızmı?

– Həyatda bağışlamamışam. Amma futbolda bağışlayıram. O da komanda ilə dünən məşqlərə başladı.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43