Kateqoriyasız

Rəşad Sadıqov: “Baş hakim Elçin Məsiyevə sual verdim ki…”

Azərbaycan Premyer Liqasında X turun “Sabah” – “Zirə” (1:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

– Sürətli, gərgin oyun oldu. Rəqib ilk dəqiqələrdən irəli atıldı. Buna hazırlaşmışdıq. Oyun getdikcə istədiyimiz temp alınırdı. İki 100 faizlik qol epizodu yaratdıq. Həlledici məqam bunlardan yararlanmamağımız oldu. Oyun soyuyarkən qol buraxmağımız məyussedicidir. Hesabda geri düşəndən və azlıqda qalandan sonra hücuma atıldıq. Oyun qopmuşdu, risk edirdik. Futbolçularım yaxşı mübarizə apardılar. Bu gün hər iki komanda qələbə qazana bilərdi. Kim qol vursa, qalib gələcəkdi. Rəqibi təbrik edirəm. Bu oyunu unudub, qarşıdakı matçlara köklənməliyik.

– Coşqun Diniyev etiraza görə qırmızı vərəqə aldı…
– Sizə Azərbaycan futbolundan 1 saatlıq video göstərərəm ki, ilk “sarı”sı olan futbolçu etiraza görə qırmızı almır. Baş hakim Elçin Məsiyevə sual verdim ki, neçə belə ikinci sarı vermisən? Fikirləşdi və cavab vermədi. Kritik məqamda azlıqda qalmaq komandanı oyundan qoparır. Belə soyuqqanlı qərarlar “Zirə”yə qarşı olur. Nə isə… Hakimlikdən çox danışmaq istəmirəm.

– Hakimlərin problemi Rəşad Sadıqovladır, yoxsa “Zirə” ilə?
– Bilmirəm.

– İki oyunçunuz zədələndi…
– Keyta məcburi əvəzləndi. Hamdauidə ağrılar oldu. Keytanın zədələnməsi itkidir. Sonradan meydana çıxanlar da yaxşı oynadı.

– Mehdi Cənnətovun zədəsi nə yerdədir?
– Bəzən elə zədələr olur ki, həkimlər qeyri-müəyyən vaxt proqnoz edirlər. Mehdidə də belədir. Sağalmağını gözləyirik.

– Yeni transfer İssa Cibril qışdan oynaya biləcək. Bu, niyə belə alındı?
– Avqustdan danışıqlar aparırdıq. Futbolçu sərbəst idi. Milli fasilədən sonra bizə qoşulmalı idi. Bəzi texniki səhvlər baş verib. Ona görə qışdan oynaya biləcək. Bəyəndiyimiz futbolçudur.

– Coşqun Diniyev qırmızı vərəqə alandan sonra hirsini cilovlaya bilmədi…
– Nəyisə sındırdığını bilmirəm. Ola bilər, hirsindən harasa vurub. Mənə belə qırmızı versələr, bəlkə daha betərini edərdim.

– Ona haqq qazandırırsız?
– Xeyir. Futbolçularımın səbirli olmasını istəyirəm. Amma biz də anlayışlı olmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43