Müsahibə

Rəşad Sadıqov: “Bu epizod 2-3 gün yadımdan çıxmayacaq” – MÜSAHİBƏ

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun “Seltik”lə 0:0 hesablı oyundan sonra müsahibəsi:
 
– Qarşılaşma haqda fikirlərini bildirərdin…
– Gərgin qarşılaşma oldu, 90 dəqiqə mübarizə apardıq. Çalışdıq ki, qol vuraq, amma alınmadı. 
 
– Sanki bu qarşılaşmada hücumda çoxala bilmirdiniz…
– Rəqib elə komanda idi ki, sırf hücuma çıxmıq olmurdu. Elə təcrübəli oyunçulardan ibarət bir komanda idi ki, çox sürətli hücuma keçirdilər. Böyük qüvvəyə irəli atılmırdıq. İlk hissədə yaxşı oynadıq, ikinci hissədə “Seltik” pressinq tətbiq etməyə başladı. Oyuna da nəzarət edirdik. Fikrimcə, biz onlara ilk oyunda uduzmuşduq. Çünki onlar səfərdəki ilk hissədə çox təzyiq göstərdi, ikinci hissə topa biz nəzarət etdik. 75-ci dəqiqədən sonra rəqib bütün heyətlə müdafiədə oynadı. Bir küncdən zərbə bütün oyunu korladı və rəqib də burda istədiyi nəticəni əldə etdi. 
 
– Futbolçularınız bildirdi ki, “Seltik”in oyunçuları sizi təxribata çəkirdi…
– Belə şeylər oyunda olur. Rəqib hesabda öndə olanda istəyir ki, səni hirsləndirsin.
 
– Künc zərbəsindən sonra yaranan real qol epizodu haqda nə deyə bilərsən?
– İki-üç gün bu epizod yadımdan çıxmayacaq. Top yerlə gəlsəydi, bəlkə zərbə endirmək daha asan olardı. Dünən məşqdə bu epizoddan çıx istifadə etdik və zərbələrim çərçivəyə düşürdü. Bu epizodda isə top yerə dəyə-dəyə gəlirdi, ona görə alınmadı.
 
– Buna ot örtüyünün pis vəziyyətdə olmasını səbəb göstərmək olar?
– Qazon haqda danışmaq istəmirəm, bunu da bəhanə etmək istəmirəm. 
 
– Komanda son 4 oyunda 1 qol vurub…
– Paltardəyişmə otağında bu haqda mən də düşünürdüm. Bunun üzərində çox işləməliyik və irəlidə daha kəskin hücumlar qurmaq lazımdır.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43